Elektron hökumətin Azərbaycan modeli Qlobal Forumda maraqla qarşılanıb
"Davamlı inkişaf üçün ağıllı idarəetmə: şəbəkə cəmiyyətində əməkdaşlığın yeni imkanları” forumun əsas mövzusudur. Forumda
"Ağıllı hökumətin tendensiyaları və yaranan problemləri", "Dövlət xidmətlərinə çoxkanallı girişin təminatı ", "Dövlət idarəçiliyinə əhalinin cəlb edilməsi" və "Rəqəmli bərabərsizliyin ixtisarı" mövzularında sessiyaların da keçirilməsi nəzərdə tutulur.
Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə AZƏRTAC-a müsahibəsində deyib ki, BMT-nin təşkilatçılığı ilə keçirilən 3-cü Qlobal Elektron Hökumət Forumunda dünya üzrə elektron hökumətin inkişafı sahəsində əldə olunan nailiyyətlər, mövcud vəziyyət və problemlər müzakirə edilir, yeni baxışlar ortaya qoyulur, inkişaf perspektivləri müəyyənləşdirilir, ölkələr öz təcrübələrini bir-biri ilə bölüşürlər. Bu baxımdan Azərbaycanın forumda iştirakı böyük əhəmiyyət kəsb edir”.
“Elektron imkanlarının inkişaf etdirilməsi” mövzusunda keçirilən “dəyirmi masa”da çıxış edən Elmir Vəlizadə Azərbaycanda bu sahədə görülən işlər barədə geniş məlumat verdi. Vurğuladı ki, mərkəzi icra hakimiyyəti orqanları Azərbaycan elektron hökumət portalının artıq 500-dən çox qəbul olunmuş xidmətlərinin 400-nü istifadəyə veriblər. “Dəyirmi masa”da səslənən bu və digər məlumatlar iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.
İştirakçı dövlətlərin nazirlər toplantısında da çıxış edən Elmir Vəlizadə Azərbaycan modeli ilə bağlı məlumat verərək, ölkəmizin son 10 ildə bu sahədə mühüm nailiyyətlər əldə etdiyini bildirdi. Qeyd etdi ki, BMT-nin elektron hökumət üzrə son hesabatında Azərbaycan 28 pillə irəliləyərək 193 ölkə arasında 68-ci yerdə qərarlaşıb. Azərbaycan peykinin orbitə çıxarılması qazanılan nailiyyətlər arasında xüsusi yer tutur.
Forum işini bu gün yekunlaşdıracaq.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana