İQTİSADİYYAT
Elektron Hökumətin İnkişafı Mərkəzi KOICA ilə müzakirələr aparıb
![Elektron Hökumətin İnkişafı Mərkəzi KOICA ilə müzakirələr aparıb](/files/2019/2/1200x630/15645636183348625453_1200x630.jpg)
Bakı, 31 iyul, AZƏRTAC
Elektron Hökumətin İnkişafı Mərkəzində (EHİM) Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan nümayəndəliyi ilə görüş keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, KOICA-nın Azərbaycan nümayəndəliyinin ölkə üzrə direktoru Park Kumok və digər şəxslər iştirak ediblər.
Görüşdə Dövlət Agentliyi ilə KOICA beynəlxalq əməkdaşlıq təşkilatı arasında uğurlu əməkdaşlıq, e-hökumət və digər sahələrdə əlaqələrin perspektivləri müzakirə edilib. Bununla yanaşı, qonaqlara Dövlət Agentliyi tərəfindən elektron hökumət sahəsində görülən işlərlə bağlı təqdimat olub.
Qonaqlar ölkəmizdə elektron hökumətin inkişafı və rəqəmsallaşma ilə bağlı görülən işləri yüksək qiymətləndirib. Bu sahədə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
“Rəqəmsal Hökumət” təşviqat proqramının könüllüləri ilə də görüş keçirilib.
Həmçinin “CIAT Paylaşımdır” (Capacity Improvement and Advancement for Tomorrow) müsabiqəsində KOICA proqramı məzunu Şənay Qulusoy tərəfindən Elektron Hökumətin İnkişafı Mərkəzi adından müsabiqəyə qatılan və qalib seçilən “Rəqəmsal hökumət” təşviqat proqramı layihəsinə qrant təqdimatı ilə bağlı məlumat verilib. Bildirilib ki, bu proqramı KOICA məzunlarının Koreyada təşkil olunmuş KOICA Təlim proqramları zamanı əldə etdikləri bilik və təcrübənin Azərbaycanın sosial-iqtisadi inkişafına töhfə vermələrində dəstək olmaq məqsədi daşıyır. Proqram məzunlara öz fəaliyyət planlarını həyata keçirməkdə maliyyə dəstəyi əldə edə bilmək üçün yeni imkanlar yaradır.