“Elektron imza” laboratoriyası yaradılır
Bakı, 10 iyun, Xatirə Cəfərova, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən bu il elektron-imza infrastrukturu ilə əlaqədar laboratoriya yaradılacaq. Laboratoriya Azərbaycan Texniki Universitetinin "İnformasiya texnologiyaları və proqramlaşdırma" kafedrasında təşkil olunacaq.
Mərkəzin direktoru Mail Mərdanovun sözlərinə görə, bu laboratoriyanın fəaliyyəti nəticəsində tələbələr "E-hökumət" üzrə yaradılacaq xidmətlərin elektronlaşması və mobil tərtibatların hazırlanma prosesində əyani iştirak edərək xidmət təminatçısı kimi fəaliyyət göstərəcək, yüksək ixtisaslı kadr kimi formalaşacaqlar.
MHM "Elektron hökumət” portalının və elektron dünyanın əsas bazisi olan “Elektron imza” üçün Açıq Açar İnfrastrukturunun (PKİ) - Milli Sertifikat Xidmətləri mərkəzlərinin, ölkənin bütün ərazisini əhatə edən AzDataCom - yüksək sürətli məlumatların ötürülməsi şəbəkəsinin operatorudur. Eyni zamanda, mərkəz respublikamızda informasiya sistemlərinin və ehtiyatlarının elektron idarəçilik istiqamətində istifadəsini əlaqələndirir. Geniş və elm tutumlu fəaliyyət sahəsinə malik olan MHM, yüksək ixtisaslı kadr hazırlığı məsələsinə müstəsna əhəmiyyət verir və bu istiqamətdə daim beynəlxalq və yerli əməkdaşlıqlar quraraq elmi-texnoloji potensialın artırılması istiqamətində səylər göstərir.