Elektron məzmunun yaradılması ilə bağlı təlimləri uğurla bitirən iştirakçılara sertifikatlar təqdim olunub
Bakı, 18 avqust, AZƏRTAC
“Müəllimlərin potensialının artırılması və Azərbaycan Respublikası Təhsil Nazirliyi üçün təhsil informasiya sisteminin yaradılması” texniki yardım layihəsi çərçivəsində təhsil işçiləri üçün təşkil olunan təlimlərin beynəlxalq sertifikatları təqdim olunub.
Müdavimlər üçün sertifikatların təqdim olunması mərasimi koreyalı mütəxəssislərin iştirakı ilə Təhsil İnstitutunun Təhsil işçilərinin peşəkar inkişafı mərkəzində keçirilib.
Bu barədə AZƏRTAC-a Təhsil İnstitutundan bildirilib. Qeyd olub ki, Azərbaycan və Koreya hökumətləri arasında həyata keçirilən təlim proqramına 35 nəfər iştirak hüququ qazanıb. Proqramın məqsədi effektiv onlayn təhsilin təmin edilməsi üçün elektron məzmunun yaradılması istiqamətində Koreya təcrübəsindən faydalanmaqdır.
İştirakçılar təlimdə onlayn təhsil üçün tədris strategiyası və təlim proqramlarının yazılması, hekayə lövhəsinin hazırlanması və dizaynı, videodərslərin çəkilişi və montaj olunması kimi nəzəri və praktik biliklərə yiyələniblər. Təlim proqramını uğurla bitirən və beynəlxalq sertifikat əldə edən təhsil işçiləri qazandıqları biliklər əsasında elektron məzmunların yaradılmasında iştirak edəcəklər.
Təlimlər Azərbaycanda Təhsil İnstitutu və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin birgə dəstəyi ilə keçirilib.