Elektron qaydada rəsmiləşdirilən təsərrüfatdaxili əməliyyatların uçotu kağız daşıyıcısında aparılmalıdırmı?
Bakı, 10 iyun, AZƏRTAC
İstehsal fəaliyyəti ilə məşğul olan vergiödəyiciləri tərəfindən vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” ilə tənzimlənir.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Qaydanın 9-cu bəndinin müddəalarına əsasən “İstehsal ehtiyatlarının təhvil-qəbul aktı”, “İstehsal ehtiyatlarının alış aktı”, “İstehsal ehtiyatlarının təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Malların (hazır məhsulların) təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Alış sifarişi”, “Hazır məhsulların təhvil-qəbul aktı” və sAİR Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi formada vergiödəyicisi tərəfindən kağız və ya elektron daşıyıcıda hazırlanaraq tətbiq edilir.
İstehsal fəaliyyəti ilə məşğul olan vergiödəyicisinin istifadəsində adıçəkilən sənədlərin tərtibi və dövriyyəsini dəstəkləyən elektron informasiya sistemi mövcud olduğu və bu sənədlərin tərtib edilərək elektron qaydada təsdiq edilməsi təmin edildiyi halda həmin sənədlər çap edilmədən tətbiq edilə bilər.
Vergiödəyicisinin istifadəsində müvafiq texniki imkanlara malik elektron informasiya sistemi mövcud olmadıqda isə sənədlər kağız daşıyıcıda çap edilərək müvafiq qaydada təsdiq olunur.
Qeyd edilənlərə əsasən, müəssisənin təsərrüfatdaxili əməliyyatları tam həcmdə elektron informasiya sistemi ilə rəsmiləşdirildiyi halda təsərrüfat məqsədləri üçün həmin sənədlərin kağız daşıyıcıda çap edilməsi zəruri deyil.
Eyni zamanda, müəssisədə vergi orqanları tərəfindən vergi nəzarəti tədbirləri keçirilən zaman qeyd olunan proqram təminatında elektron qaydada tərtib olunan sənədlər vergi orqanının vəzifəli şəxslərinə təqdim edilməlidir.