CƏMİYYƏT
Əli Əhmədov: Azərbaycan bu Zəfəri ilə ədalətsizliyə qarşı mübarizə aparmağın mümkünlüyünü nümayiş etdirdi
Bakı, 7 noyabr, AZƏRTAC
Dörd il öncə qazanılmış və 30 illik işğala nida qoymuş bu Zəfər Azərbaycan həm regionda, həm də beynəlxalq aləmdə böyük dəyişikliklərin əsasını qoymuşdur. Hazırda bu siyasi və hərbi addımlarla Azərbaycan yaşadığımız regionda sülhün, əmin-amanlığın bərqərar olmasına böyük töhfə verir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə keçirilən Zəfər Gününə həsr olunmuş tədbirdə YAP Sədrinin müavini Əli Əhmədov bildirib.
Dörd il bundan əvvəl baş vermiş münaqişə zəminində başlayan müharibənin tərəflərinin - Azərbaycanın və Ermənistanın artıq öz münasibətlərini tənzimləmək üçün indi sülh gündəliyi ilə qarşılıqlı əməkdaşlıq və kommunikasiyalar haqqında söhbət apardığını vurğulayan Əli Əhmədov qeyd edib ki, bu uğur Azərbaycanın regionun təhlükəsizliyi, regionda sülhün bərqərar olmasına verdiyi böyük töhfədir. Bu isə böyük siyasi Liderin - İlham Əliyevin masa başında apardığı uğurlu danışıqlarının nəticəsidir.
“Azərbaycanın əldə etdiyi möhtəşəm Zəfərin həm də böyük beynəlxalq əhəmiyyəti var. Azərbaycan bu Zəfəri ilə dünyada ən uzun sürən münaqişələrdən birinə son qoydu və beləliklə, beynəlxalq sülhə, əməkdaşlığa özünün əhəmiyyətli töhfəsini verə bildi. Digər bir tərəfdən, Azərbaycan bu Zəfəri ilə haqsızlığa, ədalətsizliyə qarşı mübarizə aparmağın mümkünlüyünü, mübarizənin qələbə ilə nəticələnə biləcəyini, dünyanın ayrı-ayrı bölgələrində sürən münaqişələrin qanlı toqquşmalardan dinc, əmin-amanlıq şəraitinə keçməyin yolunu nümayiş etdirdi. Bu, Azərbaycanın əzəmətinin göstəricisidir. Ölkəmiz dünyaya nümunə oldu”, - deyə o əlavə edib.