Əli Əhmədov: Parlament seçkiləri azad, demokratik və şəffaf keçdi
Bakı, 1 noyabr, AZƏRTAC
Azərbaycanda Milli Məclisə seçkilər azad, demokratik və şəffaf keçdi.
AZƏRTAC xəbər verir ki, bu fikri Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov noyabrın 1-də partiyanın qərargahında keçirdiyi mətbuat konfransında söyləyib.
Əli Əhmədov deyib ki, Azərbaycanda Milli Məclisə seçkilər baş tutub. Seçkilər insanların yüksək fəallığı şəraitində keçib. Həm bütün seçki məntəqələrində YAP-ın çoxsaylı müşahidəçilərinin verdiyi məlumatlar, həm də keçirilmiş “exit-poll”ların nəticələri bunu təsdiq edir. Seçkilərdə seçicilərin mütləq əksəriyyəti öz səsvermə hüququndan istifadə edib. Azərbaycan seçiciləri yüksək fəallıq nümayiş etdirməklə ölkənin həyatında bu çox mühüm siyasi kampaniyaya böyük maraq və diqqət göstərdiklərini sübut etdilər. Seçkilərin daha bir mühüm əlaməti bütün məntəqələrdə səsvermənin Seçki Məcəlləsinin tələblərinə uyğun, heç bir ciddi qanun pozuntusu olmadan keçməsidir.
Əli Əhmədov vurğulayıb ki, Mərkəzi Seçki Komissiyası tərəfindən elan olunan ilkin nəticələrə görə səsvermədə 55 faizdən yuxarı Azərbaycan vətəndaşı iştirak edib. Beş il bundan əvvəl Azərbaycanda keçirilən parlament seçkilərində səsvermədə iştirak edən vətəndaşların sayının 50 faizdən az olmasını nəzərə alsaq bu, olduqca yaxşı göstəricidir. Bu, bir daha göstərir ki, Azərbaycanda keçirilən növbəti parlament seçkilərində seçici fəallığı kifayət qədər yüksək olub.
İcra katibi bildirib ki, Yeni Azərbaycan Partiyası seçki kompaniyasına çoxsaylı namizədlə qoşulan siyasi partiyadır. YAP-ın irəli sürdüyü 117 namizəddən 115-i seçkilərdə iştirak edib. Hesablamalarımız deməyə əsas verir ki, partiyanın irəli sürdüyü namizədlərin seçkilərdə böyük şansları var. İnanırıq ki, YAP namizədlərinin böyük bir hissəsi Azərbaycan seçicilərinin rəğbətini qazanacaq və partiyanı parlamentdə təmsil etmək hüquq əldə edəcək.
Əli Əhmədov vurğulayıb ki, səsvermənin gedişini izləmək üçün “exit-poll”lar keçirilib və artıq ilkin nəticələr açıqlanıb. Bu nəticələr bizim gözləntilərimizin kifayət qədər ciddi əsaslara söykəndiyindən xəbər verir. Hesab edirəm ki, “exit-poll”un ortaya qoyduğu ümumi mənzərə MSK-nın elan edəcəyi ilkin rəqəmlərlə o qədər də fərqlənməyəcək.
Səsvermənin gedişini həm yerli, həm də beynəlxalq müşahidəçilərin izlədiyini söyləyən Əli Əhmədov bildirib ki, seçkilərin normal şəkildə keçirilməsini bütövlükdə Azərbaycandakı mövcud ictimai-siyasi sabitliyin bir ifadəsi hesab etmək olar.
Sonra yerli və xarici jurnalistlərin sualları cavablandırılıb.