Əlilliklə əlaqədar mövzuların işıqlandırılması sahəsində media kampaniyası başlanılıb
Bakı, 7 aprel, AZƏRTAC
Əlilliyi olan şəxslərə qarşı stiqma və ayrı-seçkiliyin azaldılmasına, inklüziv cəmiyyətlərin üstünlüklərinin təbliği məqsədilə əlilliklə əlaqədar mövzuların işıqlandırılmasına dair media kampaniyası başlanılıb.
AZƏRTAC xəbər verir ki, kampaniya Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə başlayan və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilən, BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondunun birgə həyata keçirdiyi “Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsinin bir hissəsidir.
Aprelin 3-dən 7-dək Bakı, Salyan və Masallıdan olan 50 media nümayəndəsi, əlilliyi olan qadın və müharibə veteranları üçün əlilliklə bağlı mövzuların işıqlandırılmasına dair onlayn təlim təşkil edilib. Təlimdə əlilliyin növləri, əlillik problemləri ilə bağlı məlumatların yayımlanmasında medianın rolu, əlilliyə dair beynəlxalq konvensiyalar və qanunvericilik, eləcə də əlilliyə həssas terminologiya kimi mövzular əhatə olunub. Təlim əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası üçün daha əlverişli mühit yaratmağa kömək məqsədilə Education HUB MMC tərəfindən təşkil edilib.
Qarşıdakı həftələrdə həm əlilliyi olan şəxslər, həm də media nümayəndələri əlilliyə dair televiziya reportajları və məqalələr hazırlamaq üçün peşəkar mentorların rəhbərliyi altında birlikdə çalışacaqlar. Ən yaxşı məhsullar ictimai təqdimat zamanı mükafatlandırılacaq.