Əliyar Əliyev küçəsində yenidənqurma işlərinə başlanılıb
Bakı, 12 may, AZƏRTAC
Paytaxtın Əliyar Əliyev küçəsində yenidənqurma işlərinə başlanılıb.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, məqsəd yol hərəkətinin təkmilləşdirilməsi, nəqliyyat şəraitinin yaxşılaşdırılması və piyada əlçatanlığının təmin olunmasıdır.
Layihənin icrası zamanı aşağıdakı dəyişikliklər həyata keçiriləcək:
- “Keşlə bazarı” kimi tanınan ticarət mərkəzinin önündəki mövcud dairə ləğv edilərək yeni nəqliyyat adacığı inşa olunacaq;
- Yeni “cib” tipli parklanma yerləri yaradılacaq;
- Eyni səviyyəli piyada keçidlərinin önündə xüsusi çıxıntılar inşa olunacaq;
- Əliyar Əliyev küçəsindən Təbriz küçəsinə dönmək istəyən nəqliyyat vasitələri üçün əlavə sola dönmə zolağı təşkil ediləcək;
- Avtobus dayanacaq məntəqələrinin yerləri optimallaşdırılaraq yeni dayanacaq pavilyonları quraşdırılacaq;
- Ziya Bünyadov prospekti ilə kəsişmədə dairə ləğv edilərək “Çermet körpüsü”nün altında hərəkət bir istiqamətli təşkil ediləcək. Bunun sayəsində hərəkətin təhlükəsizliyi artacaq.