Elm-təhsil və texnologiyalar birliyinin yaradılması istiqamətində işlərin icrasına başlanılıb
Bakı, 9 iyun, Xatirə Cəfərova, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə Azərbaycan Texniki Universitetinin (AzTU) birgə təşəbbüsü olaraq icrasına başlanılan Elm-təhsil və texnologiyalar birliyinin yaradılması önəmlidir və bunun ilk olaraq AzTU-ilə birgə reallaşdırıldığı təsadüfi deyil.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat verən Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov bildirib ki, “Elektron idarəçilik, informasiya sistemləri və kibertəhlükəsizlik” adlanan birliyin yaradılmasında məqsəd universitetin tədris etdiyi nəzəri biliyə praktiki dəstəyin verilməsidir. N.Mərdanov birgə əməkdaşlıq əsasında universitetdə "E-imza" və "Elektron hökumət” portalı, "Elektron xidmətlər" laboratoriyalarının təşkil olunacağını vurğulayıb.
Qeyd olunub ki, belə laboratoriyalarda tələbələr e-imza sertifikatlarının, eləcə də "E-hökumət" üzrə yaradılacaq test mühitində Nazirlər Kabineti tərəfindən təsdiqlənən xidmətlərin elektronlaşması və mobil tərtibatların hazırlanma prosesində əyani iştirak edərək xidmət təminatçısı kimi fəaliyyət göstərəcəklər.