Elman Quliyev: Türk dünyası mədəniyyətinin ortaq məxrəcdə tədrisi böyük əhəmiyyət kəsb edir
Ankara, 3 dekabr, AZƏRTAC
Türk dünyası mədəniyyətinin ən əhəmiyyətli şəxsiyyətlərinin əsərlərinin ortaq bir məxrəcdə, türk xalqları ədəbiyyatının nümunələri kimi tədris olunması böyük əhəmiyyət kəsb edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında filologiya elmləri doktoru, professor Elman Quliyev Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən Ankarada təqdimatı keçirilən “Türk xalqları ədəbiyyatı” kitabından bəhs edərkən səsləndirib.
E.Quliyev bildirib ki, Türkiyə ictimaiyyətinə təqdim olunan əsər qazax, qırğız, türkmən və özbək, Krım və Volqa tatarlarının, o cümlədən Türkiyə ədəbiyyatının nümunələrini özündə ehtiva edir.
Kitabda türk xalqlarının mədəniyyətinin geniş əks olunduğunu vurğulayan professor tələbələrin vəsaiti yaxşı qarşıladığını vurğulayıb. Onun sözlərinə görə, kitab hazırda Azərbaycan universitetlərinin “Türk xalqları ədəbiyyatı” fənninin tədrisində istifadə olunur.
Alim qeyd edib ki, “Türk xalqları ədəbiyyatı” kitabı eyni zamanda son 3 il ərzində türk dövlətləri universitetləri üçün də ortaq dərs vəsaiti kimi tövsiyə olunub: “Təsadüfi deyil ki, 2022-ci ildə sözügedən kitab özbək dilinə tərcümə olunub, 2024-cü ildə isə Türkiyədə çap olunub. Hazırda Qazaxıstanda kitabın tərcüməsi üzərində iş gedir”.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara