ELMAR MƏMMƏDYAROV: ABŞ PRAQA PROSESİNİN DAVAM ETDİRİLMƏSİNƏ DAİR BİZƏ BƏZİ TƏKLİFLƏR VERMİŞDİR
Dövlət katibi Kondoliza Raysla görüşdə ABŞ-Azərbaycan münasibətləri, Xəzər hövzəsində enerji təhlükəsizliyi, bölgədə vəziyyət, Azərbaycanda demokratikləşmə və vətəndaş cəmiyyəti qurulması istiqamətində aparılan islahatlar barədə söhbət getmişdir. Dövlət katibi vurğulamışdır ki, Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır və bu istiqamətdə səylərini artıracaqdır. Elmar Məmmədyarov münaqişənin həlli məsələsində ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü tanıyan davamlı mövqeyinə görə Kondoliza Raysa minnətdarlığını bildirmişdir. Xanım Rays Azərbaycanın demokratik islahatlara yönəlmiş siyasətini dəstəklədiyini və Prezident İlham Əliyevin Vaşinqtona səfəri zamanı Buş hökumətinin Azərbaycan tərəfi ilə strateji əlaqələrin genişlənməsi üzrə dialoqunun davam edəcəyinə ümidvar olduğunu vurğulamışdır.
Həmin gün nazir Dövlət Departamentində ATƏT-in amerikalı həmsədri Stiven Mənn, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Daniel Frid, Ağ evdə isə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Stiven Hedli ilə görüşmüşdür.
Aparılan danışıqları AZƏRTAC-ın müxbirinə şərh edən Elmar Məmmədyarov demişdir: “ABŞ hökumətinin yüksək vəzifəli rəsmiləri ilə söhbətlərimizdə onlar Azərbaycanla əlaqələri yeni, daha yüksək səviyyəyə qaldırmaq istəyini ifadə etmişlər. Bu, Azərbaycanın milli maraqlarına da uyğundur. Amerika tərəfi Prezident İlham Əliyevin ölkəmizlə bağlı və bölgəyə dair uzaqgörən strateji siyasətini bəyənir. ABŞ tərəfi antiterror koalisiyasındakı xidmətinə görə Azərbaycana təşəkkürünü bildirmişdir. Bizi bölgədə lider hesab edirlər”. Xarici işlər naziri onu da əlavə etmişdir ki, Dövlət Departamentindəki görüşlərdə Amerika tərəfi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Praqa prosesinin davam etməsi üçün bəzi təkliflər vermişdir. “Təkliflər maraqlıdır. Rəsmi Bakı onları təhlil edib, ATƏT-in amerikalı həmsədri Stiven Mənnin aprelin 18-də bölgəyə başlayacaq səfəri zamanı münasibətini bildirəcəkdir”.
Elmar Məmmədyarov aprelin 7-də Vaşinqtondakı nüfuzlu Heritec Fondunda məruzə ilə çıxış etmişdir. Ölkəmizin xarici siyasət prioritetləri haqqında danışan nazir vurğulamışdır ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra tədricən ABŞ üçün “maraq doğuran ölkədən strateji müttəfiqə çevrilmişdir”. Məruzədə Azərbaycanda aparılan demokratik və iqtisadi islahatlar, mühüm enerji layihələri barədə ətraflı bəhs olunmuşdur. Azərbaycanın antiterror koalisiyasında rolundan danışan Elmar Məmməydarov bildirmişdir ki, hərbçilərimiz Kosovo, Əfqanıstan və İraqda xidmət edirlər. Bölgədə lider olan Azərbaycan üzərinə düşən məsuliyyəti anlayır.
Auditoriyanın çoxsaylı suallarına cavab verən xarici işlər naziri ən çox maraq doğuran mövzu barədə - Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanın mövqeyini bir daha açıqlamışdır. Bildirmişdir ki, ölkəmizin siyasi və iqtisadi inkişafına ən böyük maneə olan Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair danışıqlar irəliləməsə də, səylər artırılmalıdır. Bu gün XX əsrin təfəkkürü ilə yaşamaq olmaz. 1945-ci ilin Yalta fenomeni daha işləmir, sərhədlər güclə dəyişilmir. İndi dövlətlərarası münasibətlər başqa səviyyədədir. Elmar Məmmədyarov vurğulamışdır ki, münaqişənin uzunmüddətli həllinin yeganə yolu beynəlxalq hüquq normalarına əsaslanmalıdır. “Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir. Bizim ərazi bütövlüyümüzü heç bir vasitə ilə dəyişmək mümkün olmayacaqdır”.