Elmi konfrans: Azərbaycan incəsənətində Cəfər Cabbarlı fenomeni
Bakı, 28 mart, AZƏRTAC
Martın 28-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Azərbaycan incəsənətində Cəfər Cabbarlı fenomeni” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının 120 illik yubileyinə həsr olunmuş tədbirin təşkilatçıları AMEA-nın Memarlıq və İncəsənət İnstitutu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyidir.
Konfransda giriş sözü ilə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin “Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında” 2018-ci il 17 dekabr tarixli Sərəncamını xatırladıb. Qeyd edib ki, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olan Cəfər Cabbarlı milli ədəbiyyatın parlaq ənənələrini qorumaqla yanaşı, ədəbi-mədəni, ictimai mühitdə yenilik və müasirlik uğrunda mübarizəni yaradıcılığının əsas qayəsinə çevirib. Böyük yazıçının zəngin bədii irsi müasirliyini, aktuallığını həmişə saxlayır.
C.Cabbarlının milli ədəbiyyatın, dramaturgiyanın, teatr və kino sənətlərinin inkişafındakı müstəsna xidmətlərindən danışan akademik deyib ki, dramaturgiyamızın təşəkkülü və yüksəlişi tarixində yeni mərhələnin təməlini qoyan Cəfər Cabbarlının əsərləri milli teatrda mühüm hadisə kimi dəyərləndirilib, uzun illər boyu tamaşaçıların bir neçə nəslinin estetik zövqünün formalaşmasında əvəzsiz rol oynayıb.
Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə bildirib ki, C.Cabbarlı yaradıcılığı həm yüksək bədii səviyyəsi, həm də ideya-məzmunu ilə hər zaman dəyərini və aktuallığını qoruyur. Onun milli və bəşəri dəyərləri ehtiva edən dramaturgiyası bu gün də Azərbaycan teatrının repertuarında mühüm yer tutur.
Sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru Sevinc Mikayılova görkəmli sənətkarın çoxşaxəli bədii və ictimai fəaliyyətindən danışıblar.
Tədbirdə “Aranfilm” Yaradıcılıq Mərkəzinin C.Cabbarlının 120 illik yubileyinə həsr etdiyi “Zülmətdən doğan işıq” sənədli filminin də təqdimatı olub.
Konfransda “Azərbaycanda teatr fikrinin formalaşmasına C.Cabbarlının məqalələrinin təsiri”, “Ağılar və mərsiyələr padşahı: Cabbarlının pyeslərində diskursun təşkili üsulu”, “Azərbaycan teatrında Cəfər Cabbarlı fenomeni”, “Estetik ideal və bədii mahiyyət”, “Qadınların ayağının altındakı cənnət (“Almaz” filmində gender problemi)”, “Cəfər Cabbarlı dilinin sadəliyi” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.