Əlyazmalar İnstitutunda aprel işğalı ilə bağlı araşdırma aparılır
Bakı, 22 aprel, AZƏRTAC
Aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun, vətənimizin ilk demokratik dövlətin sovet Rusiyası tərəfindən işğalının 100 ili tamam olur. Bu tarixi hadisənin təhlili ilə bağlı ölkədə müxtəlif tədqiqatlar aparılıb. AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun alimləri də bu istiqamətdə fəaliyyət göstərir, öz töhfələrini verirlər.
Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Xatirə Yusifovanın “Repressiya olunmuş Azərbaycan qadınları” məqaləsi də bu qəbildəndir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalədə diktator rejimin bilərəkdən məhv etdiyi saysız-hesabsız həmvətən qadınlarımızın kədərli taleyindən söz açılır. Qeyd olunur ki, milli dövlətimizin süqutundan dərhal sonra zor gücünə qurulan sovet hökuməti fəaliyyətinin ilk illərində öz işğalçı siyasətində Azərbaycanın inkişafı naminə çalışa biləcək şəxslərin hamısını aradan götürmək xəttini əsas götürür. 1937-1938-ci illərdə daha da amansızlaşmış hakimiyyət azərbaycanlı alim, yazıçı, artist, müəllim, din xadimi, bir sözlə, bütün düşünən beyinləri məhv edirdi ki, bunların sırasında qadınlar da var idi. Həmin illərdə minlərlə azərbaycanlı qadın əzizlərini itirdi, eləcə də “xalq düşməni”nin ailəsi kimi uzaq Sibirə, Qazaxıstana, Vyatka və Kemerova sürgün olundu.
Vurğulanıb ki, günahsız həbs edilmiş bu qadınlar illərcə sürən amansız işgəncələrdən sonra bəraət alıblar. Həbsxanaya atılan bu qadınların əksəriyyətinin 3-4 uşağı olub. 1937-ci ildə Moskvaya göndərilən ilk hesabatdan məlum olur ki, respublikamızda 32 rayon partiya komitəsi katibi, 28 rayon icraiyyə komitəsinin sədri, 28 xalq komissarı, 66 mühəndis, 88 hərbçi, 8 professor həbs olunub və əksəriyyəti güllələnib, onların anaları, bacıları, arvadları isə “xalq düşməni” damğası ilə sürgünə göndərilib.
1950-ci illərin ikinci yarısında siyasi repressiya qurbanlarına bəraət verilsə də, hüquqi qiymət yalnız müstəqillik illərində verilib. Bununla bağlı tədqiqat mövzuları aktuallığını saxlayır.