Əmanətlərin Sığortalanması Fondu ADA Universitetində təlim keçirib
Bakı, 16 fevral, AZƏRTAC
Əmanətlərin Sığortalanması Fondu (ADIF) “Maliyyə sabitliyində risklərin effektiv idarə edilməsinin rolu” adlı üçgünlük təlim təşkil edib.
Fonddan AZƏRTAC-a bildirilib ki, təlimdə təcrübəli və peşəkar natiqlər tərəfindən tələbələrə risk nəzəriyyələrinin qavranması və praktiki risklərin idarə edilməsi bacarıqları ilə bağlı geniş məlumat verilib. Natiqlər təlim iştirakçılarını səmərəli risklərin idarə edilməsinin maliyyə sabitliyində rolu, süni intellektin köməyi ilə gözlənilən risklərin müəyyənləşdirilməsi, habelə böhran zamanı risklərin idarə edilməsi istiqamətində tətbiq olunan tənzimləyici dəyişikliklər mövzularında maarifləndirib.
Təlim proqramında tələbələr praktiki olaraq investisiya portfelinin effektiv idarə edilməsi, risklərin qiymətləndirilməsi, azaldılması, o cümlədən onların təsirinin minimuma endirilməsi yolları ilə tanış olublar.
Təlimlərin sonunda iştirakçılar fond tərəfindən sertifikat və hədiyyələrlə təltif ediliblər.