ƏMANƏTLƏRİN SIĞORTALANMASI FONDU TƏRƏFİNDƏN SIĞORTALANAN BANK ƏMANƏTLƏRİ ÜZRƏ FAİZ DƏRƏCƏLƏRİNİN YUXARI HƏDDİ 12 FAİZƏDƏK ENDİRİLMİŞDİR
Bakı, 27 may (AZƏRTAC). Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (AƏSF) Himayəçilik Şurasının qərarı ilə fond tərəfindən sığortalanan bank əmanətləri üzrə faiz dərəcələrinin yuxarı həddi iyunun 1-dən illik 15 faizdən 12 faizədək endiriləcəkdir.
Bununla bağlı mayın 27-də Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov mətbuat konfransı keçirmişdir.
A.Cavadov məlumat vermişdir ki, hazırda Azərbaycanda uçot dərəcəsi 2 faiz, dövlət qiymətli kağızları üzrə gəlirliyin də təxminən həmin səviyyədə olması, fond tərəfindən aparılmış araşdırma və təhlil faiz dərəcələrinin yuxarı həddinin aşağı salınmasına əsas səbəb olmuşdur.
2010-cu ilin əvvəlindən banklar tərəfindən cəlb olunan əmanətlərin 182 milyon manatı 15 faizdən aşağı, 52 milyon manatı isə 15 faizdən yuxarı gəlirliliklə cəlb olunmuşdur. Cəlb olunmuş əmanətlərin təxminən 72 faizi üzrə gəlirlilik dərəcəsi 15 faizdən aşağıdır.
Cari ilin hesabatına görə, fiziki şəxslərin AƏSF-in üzv banklarında olan məcmu əmanətləri 2 milyon 385 min 385 manat, o cümlədən qorunan əmanətlər isə 1 678 milyon manat, qorunmayan əmanətlər 707 milyon manat təşkil etmişdir. AƏSF-in sığorta ehtiyatları 25,698 milyon manata bərabərdir. Qorunan əmanətçilərin sayı 5 milyon 197 min 888 nəfər təşkil edir.
Qorunan əmanətçilərin sayı ümumi əmanətçilərin 98 faizinə bərabərdir. İyunun 1-dək 15 faizlə qəbul olunan əmanətlər qorunan əmanətlər sayılır, 1-dən sonra 12 faizdən yüksək qəbul olunan əmanətlər artıq qorunmayacaqdır. Fondun məqsədi kiçik və orta əmanətçiləri qorumaq, bank, kredit sistemini dəstəkləməkdir. Qərara əsasən, iyunun 1-dən qüvvəyə minən yuxarı həddin yeni səviyyəsi yalnız yeni açılan əmanətlərə şamil olunacaqdır.
Fondun ehtiyatlarının 10 milyon manatı dövlət qiymətli kağızlarıdır, qalan hissəsi isə Mərkəzi Bankda yerləşdirilmişdir. Mərkəzi Bankda yerləşdirilən hissə avro və dollarda saxlanılır.
Tədbirdə Rusiya Əmanətlərin Sığortalanması üzrə Agentliyin nümayəndələri Andrey Melnikov və Konstantin Krivençov iştirak etmişlər. Agentliyin baş direktorunun müavini A.Melnikov bildirmişdir ki, səfərlərinin məqsədi Azərbaycanda təcrübə mübadiləsi aparmaqdır. O demişdir ki, Rusiyada əmanətlərin sığortalanması sahəsində faiz dərəcələrinin yuxarı həddi anlayışı yoxdur.