Əmək və əhalinin sosial müdafiəsi naziri Qusarda vətəndaşları qəbul edib
Bakı, 24 fevral, AZƏRTAC
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qusar rayonunda Qusar və Quba rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qəbuldan əvvəl S.Babayev və Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Qəbul zamanı müraciət edənlər arasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub.
Vətəndaşlar aktiv məşğulluq proqramlarına cəlb olunmaq, ünvanlı sosial yardım, pensiya hüquqlarının müəyyən olunması, əlillik və reabilitasiya, mənzillə təminat və s. məsələlərlə əlaqədar müraciət ediblər. Hər bir müraciət fərdi qaydada araşdırılaraq nəticəsinə əsasən tədbirlər görülüb. Sorğu xarakterli müraciətlər edən vətəndaşlara müvafiq mövzularda ətraflı izahatlar verilib.
Müraciətləri nəzərə alınaraq sakinlər aktiv məşğulluq, o cümlədən özünüməşğulluq, ictimai işlər proqramlarına cəlb olunmaq, reabilitasiya xidmətləri ilə əhatə olunmaq və s. məqsədlə qeydiyyata alınıblar.