Emin Əmrullayev: Təhsil ekosistemi dəyişəndə nəticələr də artacaq
Bakı, 8 sentyabr, AZƏRTAC
Təhsil sistemində nəticələrin yüksəlməsi yalnız bir istiqamətdə dəyişiklik etməklə mümkün deyil. Bunun üçün müəllim, məktəb, valideyn və ümumilikdə sosial mühit də daxil olmaqla bütöv təhsil ekosistemində dəyişikliklər aparılmalıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri PISA 2025 - Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramının nəticələrinin təqdimatı zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, təhsil mühitinin dəyişdirilməsi zaman tələb edən prosesdir: “Ekosistem dəyişəndə nəticələr də artacaq. Müəllimi dəyişəcəksiniz, məktəbi dəyişəcəksiniz, valideynin baxışını dəyişəcəksiniz, təhsilin mühitini və insanların sosial mühitini dəyişəcəksiniz. Sadəcə, bunların bəziləri 5 ilin, bəziləri isə 30 ilin tələbidir”.
Emin Əmrullayev qeyd edib ki, təhsil nəticələrinin yaxşılaşdırılmasında müəllim amili müstəsna rol oynayır. Sertifikatlaşdırma və müəllimlərin işə qəbulu istiqamətində həyata keçirilən islahatların nəticəsi uzunmüddətli perspektivdə daha aydın görünəcək: “Son 5 ildə Azərbaycan məktəblərində hər 5 müəllimdən biri yenilənib. Yəni müəllimlərin 20 faizindən çoxu sistemdən çıxıb və yenisi ilə əvəzlənib. Biz sistemə yanaşdıqda bunun təsirini 10 il sonra görəcəyik. Sistem üçün bu yaxşıdır, fərd üçün isə ola bilsin ki, müəyyən mənada neqativdir”.
PISA-nın keçirilmə mexanizmi və 2029-cu ildə təşkil olunacaq növbəti qiymətləndirməyə hazırlıq mərhələsindən danışan nazir vurğulayıb ki, PISA 2029-dan əvvəl, 2028-ci ildə test sualları təsadüfi seçim əsasında Azərbaycan məktəblərində sınaqdan keçiriləcək. Məqsəd Azərbaycanda təqdim edilən sualların digər ölkələrdəki suallarla eyni şəkildə işləyib-işləmədiyini müəyyənləşdirməkdir. Bu mərhələdə mübahisəli suallar qiymətləndirmədən çıxarılacaq.
Nazir, həmçinin əlavə edib ki, PISA 2029 çərçivəsində media savadlılığı və süni intellektlə bağlı bacarıqların ölçülməsi nəzərdə tutulur və bu istiqamətdə müvafiq hazırlıq işləri aparılacaq.