“Ən yaxşı təqdimat” müsabiqəsinin şəhər mərhələsinin qalibləri müəyyənləşib
Bakı, 28 mart, AZƏRTAC
Paytaxt məktəbliləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsinin şəhər mərhələsi keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, müsabiqənin şəhər mərhələsində 40 məktəblinin təqdimatı dinlənilib.
Münsiflər heyətinin rəyinə əsasən, Ayan Şükürova (60 nömrəli tam orta məktəb, IX sinif), Lalə Talışlı (67 nömrəli tam orta məktəb, X sinif), Mövlanə Nuruzadə (78 nömrəli tam orta məktəb, IX sinif), Murad Dadaşzadə (86 nömrəli tam orta məktəb, X sinif), Rəşad Əliyev (149 nömrəli tam orta məktəb, XI sinif), Nigar Allahverdiyeva (151 nömrəli tam orta məktəb, X sinif), Səyyad Mustafayev (215 nömrəli tam orta məktəb, X sinif), Leyla Şəfaqətova (220 nömrəli məktəb-lisey, X sinif), Fidan Ağayeva (234 nömrəli tam orta məktəb, XI sinif), Süleyman Kazımlı (276 nömrəli tam orta məktəb, X sinif), Nərmin Əhmədova (278 nömrəli tam orta məktəb, XI sinif) və Rəna Şabanzadə (Məktəb Lisey Kompleksi, IX sinif) uğur qazanaraq apreldə keçiriləcək ölkə turunda iştirak hüququ əldə ediblər.
Müsabiqədə qiymətləndirmə təqdimatçının sərbəstliyi, nitqinin səlisliyi, ardıcıllığı, ifadəliliyi, lüğət ehtiyatının zənginliyi, ulu öndər Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti barədə dolğun və əhatəli məlumata malik olduğunu nümayiş etdirməsi, irəli sürdüyü fikirləri faktlarla əsaslandırması, Ümummilli Liderin Vətən və xalq qarşısında xidmətləri barədə şəxsi mülahizələrini bildirməsi, ədəbi-bədii nümunələrə müraciət etməsi, təqdimatı müəyyən olunmuş müddətdə başa çatdırması və digər meyarlara əsasən aparılıb.
Qeyd edək ki, müsabiqə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar IX-XI sinif şagirdləri arasında keçirilir. Müsabiqənin əsas məqsədi müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirməkdən ibarətdir.