Endrü Parsons: Azərbaycan Milli Paralimpiya Komitəsi dünyada Paralimpiya hərəkatının inkişafına böyük töhfə verir
Bakı, 18 noyabr, AZƏRTAC
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti, Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) vitse-prezidenti İlqar Rəhimov və Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) prezidenti Endrü Parsons arasında görüş olub. Görüş IPC-nin Berlində keçirilən növbədənkənar Baş Assambleyası çərçivəsində baş tutub.
AZƏRTAC AMPK-ya istinadla xəbər verir ki, İ.Rəhimov IPC-nin prezidenti E.Parsonsun rəhbərliyi altında beynəlxalq Paralimpiya hərəkatının daha da inkişaf etdiyini vurğulayıb. O, rəhbərlik etdiyi qurumun IPC-nin gördüyü işlərə gələcəkdə də dəstək verəcəyini diqqətə çatdırıb.
AMPK prezidenti ölkəmizdə Paralimpiya hərəkatının daha da inkişaf etdirilməsi üçün aparılan işlər barədə məlumat verib. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkədə Paralimpiya hərəkatının inkişafına xüsusi diqqət göstərir və bunun nəticəsi olaraq minlərlə əlilliyi olan şəxs idmana cəlb edilir, onların idman vasitəsilə cəmiyyətə inteqrasiyası təmin olunur, eləcə də gələcək Paralimpiya çempionları yetişir. İ.Rəhimov rəhbərlik etdiyi qurumun Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, eləcə də digər qurumlarla da yaxından əməkdaşlıq etdiyini, hərəkatın inkişaf etdirilməsi üçün birgə layihə və tədbirlərin keçirildiyini qeyd edib.
Komitə prezidenti qarşıdan gələn “Paris-2024” XVII Yay Paralimpiya Oyunlarına az müddət qaldığını vurğulayaraq Azərbaycan paralimpiyaçılarının “Paris-2024”ə hazırlığı barədə məlumat verib. Vurğulayıb ki, Komitənin məqsədi ölkədə Paralimpiya dəyərlərini təbliğ edərək idmançı və idman növlərinin sayını artırmaq, Parisdə daha böyük heyətlə iştirak edib və ən azı Tokioda göstərilən nəticələri təkrarlamaqdır.
İ.Rəhimov ölkəmizdə uşaq Paralimpiya hərəkatının inkişafı barədə də məlumat verib. Bildirib ki, dünyada ilk dəfə Azərbaycanda yaradılan hərəkat gələn il 10 illik yubileyini qeyd edəcək və bununla bağlı ölkədə mütəmadi olaraq silsilə tədbirlərinin, eyni zamanda, beynəlxalq yarışın keçirilməsi nəzərdə tutulur.
Eyni zamanda, İ.Rəhimov IBSA-nın hazırkı fəaliyyəti barədə geniş məlumat verərək bildirib ki, görmə məhdudiyyətli şəxslərin idmana cəlb edilməsi məqsədilə Assosiasiya tərəfindən tədbirlər görülür və müxtəlif ölkələrin müvafiq qurumları ilə görüşlər keçirilir. Komitə prezidenti bildirib ki, cari ilin may ayında Syerra-Leoneyə səfəri çərçivəsində qitənin müxtəlif ölkələrinin nümayəndələri ilə görüşlər keçirib, həmin ölkələrdə Paralimpiya hərəkatının inkişaf etdirilməsi məqsədilə öz töhfələrini verib.
IPC-nin prezidenti E.Parsons bildirib ki, AMPK dünyada Paralimpiya hərəkatının inkişafına böyük töhfə verir. E.Parsons Azərbaycanda paralimpiya hərəkatının inkişafını, əldə edilən nailiyyətləri yüksək qiymətləndirib.
Beynəlxalq qurumun rəhbəri, eyni zamanda, IBSA idmanının inkişaf etdirilməsi üçün gördüyü işlərə görə İ.Rəhimova öz təşəkkürünü bildirib.
Sonra İ.Rəhimov və E.Parsons gələcək əməkdaşlıq mövzusunda geniş müzakirələr aparıblar.