“ENERJİ SƏMƏRƏLİLİYİ VƏ DAVAMLI İNKİŞAF” MÖVZUSUNDA SİMPOZİUM BAŞA ÇATMIŞDIR
Simpoziumun “Yüksək keyfiyyətli seqment: Bakı Deklarasiyasının qəbulu” mövzusunda yekun sessiyasında Azərbaycan sənaye və energetika naziri Natiq Əliyev, BMT-nin İqtisadi və Sosial İşlər Departamenti davamlı inkişaf şöbəsinin müdiri xanım Coanna Disano və Birləşmiş Millətlər Təşkilatı Davamlı İnkişaf Komissiyası 14-cü sessiyasının həmsədri Cavad Amin-Mansur çıxış edərək tədbirdə mühüm məsələlərin araşdırıldığını, dəyərli məsləhətləşmələr, əhəmiyyətli fikir, təcrübə mübadiləsi aparıldığını vurğuladılar, işçi qrupları tərəfindən sessiyaların xülasələrinin, məruzə və çıxışlarda səslənən tezislərin əsasında hazırlanmış Bakı Deklarasiyasının layihəsini iştirakçıların müzakirəsinə verdilər. İştirakçı dövlətlərin təmsilçilərinin rəsmi bəyanatları dinlənildikdən sonra Deklarasiya yekdilliklə qəbul edildi.
TERMİNALLA TANIŞLIQ
Simpozium iştirakçılarının bir qrupu martın 30-da Səngəçal terminalına gəldilər. Qonaqları burada mehribanlıqla qarşıladılar, onlara indiyədək “Əsrin müqaviləsi” çərçivəsində görülmüş işlər, qarşıda duran vəzifələr barədə ətraflı məlumat verildi.
Bildirildi ki, 540 hektar sahəsi olan Səngəçal terminalı “Əsrin müqaviləsi” üzrə bütün layihələrin birləşdiyi sahədir. Dünyanın bu ən böyük neft terminalında hazırda 4 min nəfər çalışır, onların 80 faizi Azərbaycan vətəndaşlarıdır. Terminalda hazırda gündə 750 min barrel neft qəbul və emal edilir. Bunun üçün hər birinin tutumu 800 min barrel olan 22 metr hündürlüyündə, futbol meydançası boyda 3 çən inşa edilmiş, ən müasir emal obyektləri yaradılmış, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin baş nasos stansiyası istismara verilmişdir. Kəmərə indiyədək 6 milyon barrel neft vurulmuş, Xəzər nefti artıq Türkiyədəki 2-ci nasos stansiyasını keçmişdir.
Qeyd edildi ki, təkcə “Azəri” yatağının istismarı layihəsinin icrasına başlanandan (Faza 1 və 2) cari ilin fevralın sonunadək 6 milyard dollar, Faza 3-lə birlikdə isə 7 milyard dollar vəsait xərclənmişdir. Bu il isə 1,8 milyard dollar vəsait sərf ediləcəkdir. Xarici səraməyiçələrin neft sektoruna qoyduğu investisiyanın məbləği artıq 15 milyard dolları ötmüşdür.
Bu nəhəng obyektdəki dünya səviyyəli qurğular, işçilər üçün yaradılmış rahat şərait, boz dağların ətəyində salınmış yaşıllıqlar, səliqə-sahman qonaqlarda xoş təəssürat yaratdı.
Qonaqpərvər ev sahibləri nümayəndələri maraqlandıran suallara da cavab verdilər.