İQTİSADİYYAT
“Enerji və Dördüncü Sənaye İnqilabı” Hakaton yarışı keçiriləcək
Bakı, 26 iyul, AZƏRTAC
SOCAR və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) birgə təşkilatçılığı ilə “Enerji və Dördüncü Sənaye İnqilabı” Hakaton yarışı keçiriləcək.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, Hakaton yarışı 2022-ci il sentyabrın 9-11 tarixlərində baş tutacaq.
Yarış Azərbaycanda, xüsusilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında “yaşıl” və rəqəmsal enerji texnologiyalarının tətbiqi, bərpa olunan enerji resurslarından istifadənin genişləndirilməsi və enerji təhlükəsizliyinin gücləndirilməsi üçün innovativ ideyalara dəstək verilməsi məqsədilə təşkil olunub. Bu xüsusda, “Enerji və Dördüncü Sənaye İnqilabı” Hakatonu enerji və əşyaların interneti, enerji və süni intellekt, enerji və rəqəmsal iqtisadiyyat kateqoriyaları üzrə keçiriləcək.
Yarışın şərtlərinə görə ilk üç yeri tutan komanda müvafiq olaraq 5000 manat, 3000 manat və 2000 manat məbləğində mükafata layiq görüləcək. Bundan başqa daha iki komandaya 500 manat məbləğində həvəsləndirici mükafat təqdim ediləcək.
Hakatonda iştirak etmək istəyənlər avqustun 20-dək təşkilat komitəsinə müraciət edə bilərlər.