Əqli Mülkiyyət Agentliyi SOCAR əməkdaşları üçün təlimlərə başlayıb
Bakı, 4 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi tərəfindən SOCAR əməkdaşları üçün təlimlərə başlanılıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, tədbirin açılışında Mərkəzin direktoru Anar Hüseynov bu qurumun fəaliyyəti barədə məlumat verib. O, Agentlik tərəfindən həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayıb.
Agentliyin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının direktoru Mübariz Məmmədli kitabxananın fəaliyyəti, fondda saxlanılan elmi ədəbiyyat barədə danışıb.
Sonra Mərkəzin İxtira və faydalı modelin ekspertizası şöbəsinin aparıcı məsləhətçi-eksperti Firuzə Bəhrəmova “Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf” (PƏNAH) rəqəmli informasiya sistemi barədə məlumat verərək onlayn müraciət və iddia sənədinə daxil olan materialların sistemə yüklənməsi qaydalarını əyani nümayiş etdirib. Mərkəzin Açıq reyestr və dərcin rəqəmsallaşdırılması sektorunun müdiri Gülcahan Əlimərdanova əmtəə nişanlarının hüquqi mühafizəsi mövzusunda təqdimat edib, onların qeydiyyatı və ekspertizanın aparılması prosedurlarını izah edib. Əqli Mülkiyyət Agentliyinin mətbuat katibi Elnur Məmmədli Sənaye Mülkiyyəti Obyektlərinin Reyestri (“Açıq reyestrlər”) barədə məlumat verib, Agentliyin internet saytında müvafiq məlumatların əldə edilməsini əyani nümayiş etdirib. İnteraktiv formada keçən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Təlimlər sentyabrın 15-dək davam edəcək.