ƏQLİ MÜLKİYYƏTİN QORUNMASI VƏ PİRATÇILIĞA QARŞI MÜBARİZƏ VACİB MƏSƏLƏDİR
DGK sədri qloballaşan dünyada əqli mülkiyyətin qorunması və piratçılığa qarşı mübarizənin vacib məsələ olduğunu, beynəlxalq təşkilatların bu istiqamətdə artıq konkret işlər gördüyünü, mühüm tədbirlər gerçəkləşdirdiyini bildirərək, Dünya Gömrük Təşkilatının və İnterpolun təşkilatçılığı ilə ötən il Fransanın Lion şəhərində keçirilən “Saxtakarlığa və piratçılığa qarşı mübarizə üzrə” 2-ci Qlobal Konqresi xatırlamış, Azərbaycan nümayəndə heyətinin həmin tədbirdə fəal iştirakını xüsusilə qeyd etmişdir.
Hüquq mühafizə orqanı kimi, əqli mülkiyyətin qorunması sahəsində gömrük xidmətinin də üzərinə müəyyən vəzifələrin düşdüyünü diqqətə çatdıran Aydın Əliyev bu istiqamətdə həyata keçirilən tədbirlər barəsində qonağı məlumatlandırmışdır.
Komitə sədri əqli mülkiyyətin qorunması sahəsində Azərbaycanda da problemlərin olduğunu bildirmişdir. Müxtəlif ölkələrin piratçılıqla məşğul olan şirkətlərinin məhsullarının Azərbaycan bazarına da yol tapdığını deyən Aydın Əliyev, saxta malların respublikamızın ərazisinə daxil olmasının qarşısının alınması istiqamətində mütəmadi tədbirlərin həyata keçirildiyini söyləmişdir.
DGK sədri gömrük xidmətinin hüquq mühafizə orqanları ilə birgə, ölkə daxilində qanunsuz istehsalla məşğul olan, hətta kustar üsulla ərzaq məhsulları hazırlayan müəssisələri aşkarladığını, ümumiyyətlə, Azərbaycanda bu istiqamətdə ciddi mübarizənin ardıcıl surətdə aparıldığını qeyd etmişdir.
Əqli mülkiyyətin qorunması sahəsində gömrük əməkdaşlarının peşə biliklərinin artırılmasına xüsusi önəm verildiyini vurğulayan A.Əliyev, gömrükçülərin bununla bağlı təşkil olunmuş treninqlərdə, seminarlarda, konfranslarda, mütəmadi olaraq, iştirak etdiklərini, Bakıda müasir standartlara cavab verən DGT Regional Tədris Mərkəzinin fəaliyyət göstərdiyini bildirmiş, mərkəzin imkanlarını nəzərə alaraq, bu sahədə İsveçrə təcrübəsinin öyrənilməsini vacib amillərdən biri kimi səciyyələndirmişdir.
Daniel P.Keller son illər Azərbaycanda əqli mülkiyyətin qorunması istiqamətində əldə olunmuş nailiyyətlərdən məmnunluğunu ifadə etmiş, həyata keçirilən tədbirləri yüksək qiymətləndirmişdir.
Bu sahədə insan ehtiyatlarının və onların təkmilləşdirilməsinin vacibliyinə toxunan isveçrəli qonaq iki ölkə arasındakı əməkdaşlığın ümumi işin keyfiyyətinin yaxşılaşdırılmasında önəmli amil olduğunu diqqətə çatdırmışdır.
Görüşdə tərəfləri maraqlandıran bəzi məsələlər barəsində ətraflı fikir mübadiləsi aparılmışdır.