Erməni müğənni Şarl Aznavurun miqrantlarla bağlı fikirləri Fransa cəmiyyəti tərəfindən mənfi qarşılanıb VİDEO
Paris, 9 yanvar, AZƏRTAC
Fransada yaşayan erməni mənşəli müğənni Şarl Aznavurun France 2 televiziya kanalında miqrantlarla bağlı söylədiyi fikirlər cəmiyyət tərəfindən mənfi qarşılanıb.
Verilişdə iştirak edən pianoçu Katya Bunyatişvili Şarl Aznavurun da miqrant olduğunu xatırladaraq, bu gün Fransanın miqrantların qəbulu məsələsində yaxşı vəziyyətdə olmadığını söyləyib və erməni müğənninin bununla bağlı fikirlərini soruşub. Aznavur isə bu suala gülünc doğuran cavab verib. O deyib ki, miqrantlar arasında seçim aparılmalı və ancaq yararlı insanlar qəbul edilməlidir. Bu insanlar arasında dahilər də ola bilər. Məsələn, Fransa tarixində ən böyük alimlərdən biri olan Mari Küri Polşada anadan olub. Hamını qəbul etmək olmaz. Bu, asan iş deyil, yəni, bu insanlar seçilməlidir. Miqrantlar arasında maraqlı insanlar da ola bilər.
Erməni mənşəli müğənninin bu yanaşması Fransa cəmiyyətində birmənalı qarşılanmayıb və hətta söylədiyi bu fikirlərə görə onun haqqında lətifə də yayılıb. Fransanın bəzi KİV-ləri həmin lətifəni və onunla bağlı digər istehzalı yazılar yayıb.