Gürcüstanda geniş oxucu kütləsinə malik olan “Axali taoba” (“Yeni nəsil”) qəzetinin 27 yanvar tarixli sayında jurnalist Georgi Udzilaurinin “Daşnaklar və erməni separatçıları Sozar Subariyə minnətdardırlar” sərlövhəli yazısı dərc edilmişdir. Müəllif yazır: “İki gün öncə “Daşnaksütyun inqilabi federasiyası” radikal erməni təşkilatının qəzeti “Erkir”də “A-info” agentliyinin Samtsxe-Cavaxetinin erməni ictimai təşkilatları şurasının yanvarın 19-da keçirilən iclasına dair informasiyası dərc olunmuşdur. İclasda Gürcüstanın xalq müdafiəçisi Sozar Subarinin illik hesabatına mənfi münasibət bəsləyən gürcü deputatları ilə əlaqədar məsələlər müzakirə edilmişdir”. İnformasiyaya görə, guya Subari məruzəsində azərbaycanlıların qədim Culfada (Naxçıvan) orta əsrlərə aid erməni qəbiristanını məhv etdiklərini demiş və bu xəbər gürcü deputatlarında narazılıq doğurmuşdur. Cavaxetinin erməni ictimai təşkilatları Gürcüstan parlamentinin insan hüquqlarının müdafiəsi və vətəndaş inteqrasiyası komitəsinin sədri Yelena Tevdoradzeni də kəskin tənqid atəşinə tutaraq bildirmişdir ki, guya o, ölkədəki qeyri-gürcü məbədlərinə hörmətsiz münasibət göstərir. Samtsxe-Cavaxetinin separatçı erməni təşkilatları Sozar Subarini dəstəkləməyə hazır olduqlarını bildirir və ümid edirlər ki, insan hüquqlarının müdafiəsi sahəsində ombudsmanın səyləri nəticəsiz qalmayacaqdır. Separatçılar dünya ictimaiyyətinə müraciət edərək, onu qədim Culfada guya erməni abidələrinin məhv edilməsi əleyhinə səslərini ucaltmağa çağıracağını bildirir, bunu Gürcüstanda erməni mədəniyyət abidələrinin məhv edilməsi və gürcüləşdirilməsi ilə eyniləşdirirlər.
Bununla əlaqədar AZƏRTAC-ın müxbiri Gürcüstan xalq müdafiəçisi Sozar Subari ilə görüşüb, məqaləyə münasibətini bildirməsini xahiş etmişdir. O demişdir ki, “Axali taoba” qəzetinin yazdıqları tam uydurmadır, illik hesabatımda da, müzakirə zamanı çıxışlarda da bu barədə söhbət getməmişdir. Hesabatımda Gürcüstanda yaşayan milli azlıqların, o cümlədən ermənilərin də hüquqlarının, dini-mədəni abidələrinin qorunması yönümündə görülən işlər öz əksini tapıb. Yazıda göstərilənlər barədə isə hesabatda heç nə deyilməmişdir. Nəhayət, biz başqa ölkənin daxili işlərinə nə haqla qarışa bilərik?! Mən bununla bağlı qəzetin növbəti saylarından birində həmin məqalə ilə əlaqədar mütləq təkzib verəcəyəm.
Beləliklə, ermənilər öz növbəti uydurmalarına xaricdə inam yaratmaq üçün indi də gürcü amilindən istifadə etməyi qərara almışlar.