Ermənistanın Azərbaycanla dövlət sərhədində törətdiyi təxribat Yaponiya mətbuatının diqqətindədir
Tokio, 13 sentyabr, AZƏRTAC
Sentyabrın 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi təxribatlar Yaponiya mətbuatının da diqqətindədir.
AZƏRTAC xəbər verir ki, nüfuzlu JIJI PRESS agentliyinin, “The Sankei News” qəzetinin və “almedia.jp” portalının yapon və ingilis dilində yaydığı məlumatlarda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Xarici İşlər Nazirliyinin Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatına dair məlumatları yer alıb.
Yazılarda Ermənistan rəhbərliyinin davam edən hərbi avantüra və revanşizm siyasəti, son bir ayda Kəlbəcər, Laçın, Daşkəsən və Gədəbəy istiqamətlərində Azərbaycan Ordusunun mövqelərinin intensiv atəşə tutulması və ötən gecə törədilən genişmiqyaslı təxribatlar əksini tapıb. Qeyd edilib ki, bu təxribatlar vəziyyətin gərginləşməsinə xidmət edir və Ermənistanın sülh gündəliyinə cavab verməmək niyyətindən irəli gəlir. Buna görə də məsuliyyəti məhz Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır.
Materiallarda Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlara Azərbaycan Ordusunun layiqli cavab verdiyi də xüsusi qeyd olunur.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio