ERMƏNİSTANLA BAĞLI MƏSƏLƏNİN MÜZAKİRƏSİ FÖVQƏLADƏ HAL KİMİ AŞPA YAZ SESSİYASININ GÜNDƏLİYİNƏ SALINMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun rəhbərlik etdiyi deputat qrupu qurumun yaz sessiyasında iştirak etmək üçün aprelin 12-də Strasburqa gəlmişdir.
Qrupa Milli Məclisin üzvlərindən Rəfael Hüseynov, Gültəkin Hacıyeva, Qənirə Paşayeva, Sabir Hacıyev və Aydın Mirzəzadə daxildirlər.
Sessiyadan əvvəl AŞPA bürosunda və siyasi qruplarda gündəliyə çıxarılan məsələlər sonuncu dəfə müzakirə edilmişdir. Nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov jurnalistlərə bildirmişdir ki, həm büroda, həm də qruplarda Ermənistanda baş vermiş son hadisələr ətrafında ətraflı müzakirələr aparılmış, Azərbaycan nümayəndə heyəti mart hadisələri zamanı Yerevanda dinc nümayişçilərə qarşı zorakılıq tədbirlərinə əl atılması və silah işlədilməsi nəticəsində 28 nəfərin qətlə yetirilməsi faktını pisləmişdir. S.Seyidov büro tərəfindən təsdiqini tapmış bu məsələnin AŞPA-nın yaz sessiyası çərçivəsində aprelin 17-də fövqəladə hal kimi geniş müzakirə olunacağını bildirmişdir.
Büro və qrup iclaslarından sonra yaz sessiyası öz işinə başlamışdır. AŞPA sədri Luis Maria de Puç qış sessiyasından keçən dövr ərzində görülmüş işlər barədə məlumat vermiş, dünyada baş vermiş hadisələrə, o cümlədən İraq, Tibet, Yaxın Şərq və Kosovodakı hadisələrə toxunmuş, Kiprdə türk və yunan icmaları arasında danışıqlar prosesini alqışlamış, insan hüquqları, terrorizm, immiqrasiya və qadınlara qarşı zorakılığın bütün təzahürləri ilə mübarizə məsələlərindən bəhs etmişdir. AŞPA sədri mayın ikinci ongünlüyündə Avropa Şurasına üzv dövlətlərin parlament rəhbərlərinin yığıncağının keçiriləcəyini xatırlatmış, Ermənistandakı prezident seçkilərindən sonra Yerevanda baş vermiş hadisələrin müzakirə ediləcəyini bildirmişdir.
Sonra gündəlik ətrafında fikir mübadiləsi aparılmışdır. Deputatlar Serbiya, Monako, Ermənistan, Rusiya Federasiyası və Çernoqoriyada keçirilmiş prezident seçkilərinin yekunları, Avropada müsəlman icmalarının ekstremizmə məruz qalmaları, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə hakimlərin seçilməsi, qitədə yeniyetmə və uşaqlar arasında intihar halları, Avropa İttifaqının Avropa icmasının İnsan Haqları üzrə Avropa Konvensiyasına qoşulması, Avropa ədəbiyyatının tədrisi, Serbiyada rumın etnik azlığın və Voyvodinada milli azlıqların vəziyyəti və digər məsələləri müzakirə etməyi qərara almışlar.
Sessiyada Slovakiyanın Prezidenti İvan Qasparoviç, Almaniyanın federal kansleri xanım Angela Merkel, Ukraynanın Baş naziri xanım Yuliya Timoşenko, Fransanın xarici işlər naziri Bernar Kuşner və Livan mənşəli fransız yazıçısı Əminə Maalufa çıxış edəcəklər.