ƏSİR VƏ GİROV GÖTÜRÜLMÜŞ AZƏRBAYCAN VƏTƏNDAŞLARI İLƏ BAĞLI MƏSƏLƏLƏR MÜZAKİRƏ OLUNMUŞDUR
Görüşdə Eldar Mahmudov Dövlət Komissiyasının fəaliyyəti, əsir və girov götürülmüş şəxslərin azad olunması, itkinlərin axtarışı istiqamətində görülən işlər, son zamanlar Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əməkdaşlığın daha da genişlənməsi, mövcud problemlərin birgə səylərlə aradan qaldırılması barədə məlumat vermişdir.
İtkin düşmüş şəxslərlə bağlı Dövlət Komissiyası və Beynəlxalq Qırmızı Xaç Komitəsində olan siyahılar üzrə hazırda zəruri təhlillərin aparıldığını bildirən Eldar Mahmudov, mövcud fərqin aradan qaldırılmasında ilkin nəticələrin əldə olunduğunu diqqətə çatdırmış, itkin düşmüş 1472 nəfər barədə 2005-ci ilin yanvarından etibarən işçi qrupu tərəfindən dəqiqləşdirilmiş əlavə məlumatların qurumun Bakı nümayəndəliyinə göndərildiyini qeyd etmişdir.
Dövlət Komissiyasının sədri Eldar Mahmudov 2005-ci ildə Beynəlxalq Qırmızı Xaç Komitəsinin təqdim etdiyi “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslərin axtarışının təşkil edilməsi haqqında” Memorandum layihəsinin müzakirə olunduğunu, bununla bağlı Dövlət Komissiyasının rəy və təkliflərinin artıq Beynəlxalq Qırmızı Xaç Komitəsinə verildiyini diqqətə çatdırmışdır.
Eldar Mahmudov itkin düşmüş 4617 nəfər Azərbaycan vətəndaşından 783 nəfərinin əsir və girov götürülərək hazırda Ermənistanda və işğal edilmiş ərazilərdə saxlanılması barədə əsaslı məlumatların olduğunu diqqətə çatdırmış, son iki il ərzində 8 Azərbaycan, 10 Ermənistan vətəndaşının əsir və girovluqdan azad edilməsinin Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əməkdaşlığın bariz nümunəsi kimi qiymətləndirmişdir.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Yakob Kellenberger səmimi qəbula və dolğun məlumata, görüşdən aldığı təəssürata görə nazir Eldar Mahmudova təşəkkürünü bildirərək, son vaxtlar Dövlət Komissiyasının daha səmərəli fəaliyyət göstərdiyini və bu sahədə görülən işlərin təqdirəlayiq olduğunu bildirmişdir.
Görüş qarşılıqlı anlaşma şəraitində keçmiş, birgə əməkdaşlığın və zəruri məlumat mübadiləsinin bundan sonra da səmərəli surətdə davam etdirilməsinin vacibliyi qeyd olunmuşdur.