RƏSMİ XRONİKA
“ƏSRİN MÜQAVİLƏSİ”NƏ BANKIN MARAĞI
Azərbaycan Dövlət Neft Şirkəti ilə xarici neft şirkətləri konsorsiumu arasında imzalanmış neft müqaviləsinin həyata keçirilməsi yolları diqqət mərkəzində oldu. Gələcək neft kəməri marşrutunun variantları bankın rəhbərlərində xüsusi maraq doğurdu. Heydər Əliyev dedi ki, bu məsələ konsorsium ilə müzakirə edilir. O, belə nəhəng layihənin həyata keçirilməsində Avropa Yenidənqurma və İnkişaf Bankının köməyinin əhəmiyyətini də nəzərə çarpdırdı. Azərbaycan Prezidenti ölkəmizin iqtisadiyyatının maliyyə vasitəsi və investisiya qoyulmasını gözləyən digər perspektivli sahələri də olduğunu bildirdi, o cümlədən kimya, neft maşınqayırma, habelə kənd təsərrüfatı sahələrini misal göstərdi.
Heydər Əliyev dedi: İndi, özəlləşdirməyə başladığımız vaxtda əsas məqsədimiz özəl bölməni canlandırmaqdan ibarətdir. Ona görə də məhz bu bölmənin maliyyələşdirilməsinə üstünlük veririk. Biz müştərək maliyyə və bank strukturları yaradılmasında maraqlıyıq.
Avropa Yenidənqurma və İnkişaf Bankının rəhbəri Azərbaycanda islahatların aparılmasını dəstəklədiyini bildirdi. Söhbət zamanı gələcəkdə müştərək bank yaradılması, habelə Azərbaycanın ən iri dünya bankları ilə əməkdaşlığına AYİB-in kömək etməsi barədə razılıq əldə olundu. Özəlləşdirmə bankının fəaliyyətinə nəzarəti və onun işinin əlaqələndirilməsini isə Milli Bank həyata keçirəcəkdir.
Söhbətin sonunda cənab J.Larüzye dedi ki, o, Azərbaycanı, xalqımızın dilini və mədəniyyətini sevir, ölkəmizin həmişə səmimi dostu olacaq, iqtisadi islahatlar aparılması və cəmiyyətin demokratikləşdirilməsi yolunda Azərbaycanı daim müdafiə edəcəkdir.