ETİMAD NAMİNƏ QARŞILIQLI FƏALİYYƏT
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (QFETM) üzvü olan ölkələrin xarici işlər nazirlərinin üçüncü görüşü avqustun 25-də Qazaxıstanın Almatı şəhərində keçiriləcəkdir.
Qazaxıstan XİN-dən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, görüş QFETM-in 2010-cu il üçün nəzərdə tutulmuş III zirvə görüşünə hazırlıqda mühüm mərhələ olacaqdır. Qarşıdan gələn görüşün yekunlarından biri üç yeni üzvün - İordaniya, BƏƏ və Qətərin QFETM-ya qəbulu olmalıdır.
QFETM Asiyada sülhün, təhlükəsizliyin və sabitliyin təmin edilməsi üzrə səmərəli sistemin yaradılmasına yönəldilmiş beynəlxalq forumdur. Hazırda 21 dövlət, o cümlədən Azərbaycan qurumun üzvüdür, 9 dövlət və aparıcı beynəlxalq təşkilat isə müşahidəçi statusuna malikdir.
QFETM-ya üzv ölkələr arasındakı münasibətləri tənzimləyən Bəyannamədə suveren bərabərlik və suverenliyə xas hüquqlara hörmət; güc tətbiq edilməməsi, yaxud güc tətbiq etməklə hədələməyə yol verilməməsi; dövlətlərin ərazi bütövlüyü; mübahisələrin sülh yolu ilə tənzimlənməsi; daxili işlərə qarışmamaq; iqtisadi, sosial və mədəni əməkdaşlıq və sair kimi prinsiplər təsbit edilmişdir.
Hazırda 7 üzv dövlət etimad tədbirlərinin həyata keçirilməsi üzrə ayrı-ayrı layihələrin əlaqələndiricisidir. Azərbaycana təhlükəsiz və səmərəli nəqliyyat dəhlizləri sistemlərinin inkişafı sahəsinə nəzarət tapşırılmışdır.