“Etnoqrafiya və muzeylər” mövzusunda vebinar keçirilib
Ağsu, 19 may, AZƏRTAC
"Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Muzeylər Gününə həsr olunan “Etnoqrafiya və muzeylər” mövzusunda vebinar keçirilib. Vebinarın moderatoru AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi, Miras İctimai Birliyinin sədri Şəhla Xəlilli olub. AZƏRTAC-ın bölgə müxbiri bildirir ki, vebinarda Türkiyənin Konya Mövlanə Muzeyinin direktor müavini Naci Bakırcı və AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Gülzadə Abdulovanın məruzələri dinlənilib. Naci Bakırcı Mövlanə Muzeyinin yaranmasından, Mövlanə Cəlaləddin Rumiyə və digər mövləvilərə məxsus əşyalardan, muzeydə qorunan və nümayiş olunan etnoqrafik materiallardan, Osmanlı dövründən başlayaraq bu günə qədər Konya muzeylərinin qısa tarixçəsindən danışıb.
Gülzadə Abdulova Milli Azərbaycan Tarixi Muzeyinə etnoqrafik əşyaların cəlb edilməsi, onların saxlanılma vəziyyəti və ekspozisiyalarda nümayişindən söz açıb. Milli geyimlərin qorunmasının əhəmiyyətini vurğulayan Gülzadə Abdulova bu sahədə pərakəndəliyin olduğunu, milli geyim adı ilə tikilən geyimlərin əksəriyyətinin milli geyimlərimizlə heç bir əlaqəsinin olmadığını deyib.
"Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Şəhla Xəlilli məruzəsində hər iki qurum ilə birliyin uzunmüddətli əlaqələrinin olduğunu söyləyib. Qeyd edib ki, Milli Azərbaycan Tarixi Muzeyi Orta əsr Ağsu şəhərində görülən işlərdə tərəfdaş olub, muzeyə onlarla arxeoloji material, xüsusilə qızıl əşyalar hədiyyə edib. Mövlanə Muzeyinə Azərbaycandan xüsusi mədəni irs turları təşkil edən Miras İctimai Birliyi elmi araşdırmalar, seminar və konfranslarda da əməkdaşlıq edib.
Sonra vebinar müzakirələrlə davam etdirilib. Müzakirələrdə qələmkarların hazırlanması, muzeylərin ekspozisiyasının onlayn təqdimatı, milli geyimlərin qorunmasının yolları, türk geyimlərinin Mərkəzi Avropada yayılması, bahari və küləcə geyimlərinin ad fərqi, işğal altında olan Laçına məxsus etnoqrafik materiallar, Mövlanə Muzeyində qorunan Şəms Təbriziyə aid əşyalar, mövləvilər haqqında ensiklopedik məlumatlar, mövləvilərin qəbir abidələrinin nümayişi məsələlərindən söz açılıb.