“EurActiv” və “Politico” xəbər portalları Ermənistandakı kütləvi etiraz aksiyalarından yazır
Brüssel, 18 aprel, AZƏRTAC
Avropa İttifaqı məsələlərini işıqlandıran nüfuzlu “EurActiv” və “Politico” xəbər portallarında Ermənistanda keçirilən kütləvi etiraz aksiyaları barədə məqalələr yayılıb.
Yazılarda bildirilir ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın baş nazir təyin olunması əleyhinə keçirilən etiraz aksiyalarında Sarkisyan ölkəni pis idarə etməkdə və iqtisadi vəziyyəti ağırlaşdırmaqda ittiham edilir. Parlament binasına doğru yürüş edən mitinq iştirakçıları ilə polis arasında toqquşmalar nəticəsində onlarla insanın xəsarət aldığı, müxalifət lideri Nikol Paşinyanın Ermənistanda “məxməri inqilab”ın başlandığını bəyan etdiyi diqqətə çatdırılır.
“Politico” xəbər portalının yaydığı məqalədə Sarkisyanın öz sözünə əməl etmədiyi vurğulanır. Qeyd edilir ki, Sarkisyan 2018-ci ildə prezidentlik müddətini başa vurduqdan sonra nə dövlət başçısı, nə də baş nazir vəzifəsinə bir daha öz namizədliyini irəli sürməyəcəyini bildirirdi. Lakin o, verdiyi sözə əməl etmədi.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel