Əzim Əzimzadənin baməzəliyi və hazırcavablığı
Bakı, 27 yanvar, AZƏRTAC
Azərbaycan təsviri sənətində özünəməxsus yeri olan Əzim Əzimzadə hazırcavab, güclü yumor hissinə malik insan idi. Onunla bağlı xatirələr hələ də yaddaşlardan silinmir. Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevin AZƏRTAC-a təqdim etdiyi yazıda görkəmli rəssamın baməzəliyi, hazırcavablığı ilə bağlı bir neçə epizod əksini tapıb.
Maddələr mübadiləsi pozulanda
Bir gün Əzim Əzimzadənin xəstə yatdığını eşidən gənc rəssamlardan Kazım Kazımzadə, Lətif Kərimov, Qəzənfər Xalıqov və İsmayıl Axundov onu yoluxmağa gedirlər. Evdə ustadı yataqda görən tələbələri ona ürək-dirək verirlər. Otaqda Qəzənfər Xalıqovun diqqətini rəssamın durmadan qabıq verən əlinin dərisini soyması cəlb edir. Odur ki, ondan soruşur: “Əzim əmi, deyəsən, maddələr mübadiləsi pozulub?”. Rəssam da sakitcə qocalığına işarə edərək “Maddələr qalıb ki, mübadiləsi də pozulsun?!”, - deyir. Onun bu hazırcavablığına hamı gülür.
Əzim Əzimzadənin “şirin çayı”
Bir dəfə Əzim Əzimzadə xəstələnir. Ona böyük rəğbət bəsləyən gənc həmkarları - Qəzənfər Xalıqov, Kamil Xanlarov və Fuad Əbdürrəhmanov ona baş çəkmək qərarına gəlirlər. Bu ziyarət Novruz bayramı günlərinə təsadüf edir və onlar həm ağsaqqal sənətkarı yoluxmaq, həm də bayramını təbrik etmək üçün axşamtərəfi rəssamın yaşadığı ünvana yollanırlar. Evə çatırlar, rəssamla mehribancasına görüşür, hal-əhval tuturlar. Rəssamın həyat yoldaşı da onlara çay gətirir, süfrəyə şəkərbura, paxlava və s. qoyur. Fuad Əbdürrəhmanov qaşığı götürüb qabdan şəkər tozu götürmək istəyəndə Əzim müəllimin səsi eşidilir: “Fuad, çaylarınız şirindir ha!”. Bu xəbərdarlıqdan sonra qonağın üçü də qənd qabından şəkər tozu götürmək fikrindən daşınırlar və çayı elə şəkərbura-paxlava ilə içirlər. Bir az da oradan-buradan söhbət edəndən sonra Əzim müəllimlə sağollaşıb ayrılırlar. Küçəyə çıxandan sonra dərhal bir-birindən çaylarının şirin olub-olmamasını soruşurlar. Məlum olur ki, bu üç nəfərin heç birinin çayı şirin deyilmiş. Üçü də birdən “Kişiyə bax ey, bizi necə “yola verdi!”, - deyib gülüşürlər...
Əzim Əzimzadənin qonorar alması
Bir dəfə görkəmli fırça ustası Əzim Əzimzadə Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi tərəfindən alınmış işlərinin qonorarının verilməsini gözləyirmiş. Bu məsələ həll olunandan sonra muzeyin direktoru Kazım Kazımzadə Əzim Əzimzadəyə zəng edir və onu muzeyə dəvət edir. Ancaq məşhur fırça ustası özünün muzeyə gələ bilməyəcəyini dilə gətirib bu iş üçün qızı Zəhranı göndərəcəyini söyləyir. Təbii ki, Kazım müəllim də vaxtilə dərs aldığı müəlliminə etiraz etmir. Onlar elə telefonda danışa-danışa Ə.Əzimzadə qızını yanına çağırıb ona lazımi tapşırığını verir və İncəsənət Muzeyinə yola salır. O vaxt bu muzey indiki Nizami Muzeyinin binasında yerləşirdi. Bir müddət keçəndən sonra Kazım müəllim danışığına əlavə məzmun qatıb “Əzim əmi, Zəhra gəlib çıxdı, pulu verirəm ona”, - deyir və söhbəti yenə də davam etdirir. Balaca Zəhra Nizami Muzeyinin binasından yaşadıqları keçmiş 1 May küçəsinə gedib çıxana kimi onların müxtəlif məzmunlu söhbəti öz qaydasında davam edir. Zəhra evlərində atası telefonla danışdığı otağa daxil olub əlindəki pulu mizin üzərinə qoyandan sonra məşhur rəssam “Kazım, Zəhra gəlib çıxdı. Hər şeyə görə çox sağ ol”, - deyib dəstəyi yerinə qoyur...