Əziz Səncərin elmi kəşfləri müasir biologiyanın və tibbin inkişafında mühüm rol oynayır
Bakı, 8 sentyabr, AZƏRTAC
Əziz Səncər fundamental elmi tədqiqatlarına görə Nobel mükafatına layiq görülən ilk türk alimidir. Onun elmi fəaliyyətinin əsas istiqamətlərindən biri DNT-də yaranan zədələnmələrin bərpası mexanizmlərinin öyrənilməsi olub. Alimin bakteriyalardan insan hüceyrələrinə qədər müxtəlif canlılarda DNT reparasiyasının molekulyar mexanizmlərinin araşdırılmasında mühüm xidmətləri var.
Bu barədə AZƏRTAC-a müsahibəsində AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya İnstitutunun direktoru vəzifəsini icra edən akademik İradə Hüseynova Əziz Səncərin 80 illik yubileyinə həsr olunmuş tədbirdə söyləyib.
“İlkin mühüm tapıntılarından biri DNT-də zədələnmələri aradan qaldıran fotoliaz fermentinin klonlaşdırılması, onun strukturunun və funksiyalarının öyrənilməsi olub”, – deyə akademik vurğulayıb. O qeyd edib ki, Əziz Səncər DNT reparasiyasının yalnız mexanizmlərini müəyyənləşdirməklə kifayətlənməyib, bu prosesin genom boyu paylanmasını əks etdirən xəritə də yaradıb.
İradə Hüseynova Əziz Səncərin bioloji saat və sirkad ritmləri ilə bağlı tədqiqatlarının da xüsusi əhəmiyyət daşıdığını söyləyib. Qeyd edib ki, DNT-nin bərpası prosesinin müxtəlif vaxtlarda və dövrlərdə fərqli intensivliklə həyata keçirilməsinin öyrənilməsi müasir biologiya və tibb üçün mühüm nəticələr verir.
“DNT reparasiyası mexanizmlərinin daha dərindən öyrənilməsi fərdiləşdirilmiş tibbin inkişafı, müalicə üsullarının və dərmanların tətbiq vaxtının daha düzgün müəyyənləşdirilməsi baxımından yeni imkanlar yaradır.
Əziz Səncər həm də elmi məktəb formalaşdırmış böyük alimdir. Onun rəhbərlik etdiyi laboratoriyada dünyanın müxtəlif ölkələrindən olan gənc tədqiqatçılar çalışır. Əziz Səncər elmdə uğurun yalnız istedadla deyil, fasiləsiz zəhmət və məqsədyönlü fəaliyyətlə əldə olunduğunu hər zaman vurğulayır. Özünün uzun illər laboratoriyada gündə 18 saat, son dövrlərdə isə 12-16 saat çalışması bunun bariz nümunəsidir”, – deyə akademik əlavə edib.