FAO ekspertləri Aqrar Universitetlə qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə ediblər
Gəncə, 10 mart, Rauf Hacıyev, AZƏRTAC
BMT-nin Dünya Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndələri Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təşkilatın Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak, habelə aparıcı ekspertləri universitetdə əməkdaşlıq əlaqələrinin inkişafı üçün böyük imkanların olduğunu bildiriblər.
Görüşdə FAO-nun ekoloji təmiz kənd təsərrüfatı üzrə beynəlxalq məsləhətçisi, Türkiyənin Ege Universitetinin professoru Uygun Aksoy və FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin layihə meneceri Vüqar Bəşirov da iştirak edib.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov qonaqlara universitetdə yaradılmış şərait, əməkdaşlığın perspektiv istiqamətləri barədə məlumat verib.
Görüşdə ekoloji kənd təsərrüfatı, fermerlərin maarifləndirilməsi, tələbələrin xarici ölkələrə təcrübəyə göndərilməsi, Azərbaycanın regionlarına görə potensial kənd təsərrüfatı məhsulları üzrə birgə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi kimi məsələlər müzakirə olunub.