Fazil Mustafa: Ermənistan öz öhdəliyində olan məsələlərdən boyun qaçırır
Bakı, 13 sentyabr, AZƏRTAC
Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın Kəlbəcər, Laçın bölgəsinin atəşə tutulması artıq intensiv xarakter daşımaqdadır. Bu, beynəlxalq səviyyədə keçirilmiş ayrı-ayrı ciddi görüşlərdən sonra Ermənistanın hər hansı bir öhdəliyi yerinə yetirməmək üçün atdığı addım və manevrlərdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa söyləyib.
Azərbaycan tərəfinin öz vədini yerinə yetirdiyini və imzaladığı müqavilələrə hörmətlə yanaşdığını, eyni zamanda, qarşı tərəfdən də bunu tələb etdiyini vurğulayan deputat deyib: “Hər hansı bir şəkildə istənilən müddəanın yerinə yetirilməməsi Azərbaycan tərəfindən öz imzasına hörmət etməmək kimi qiymətləndirilir. Ölkəmiz bu təxribatların qarşısının alınması üçün bir ay əvvəl hansı qətiyyəti göstərdisə, bu gün də həmin qətiyyəti göstərdi. Azərbaycanın sərhədlərinin pozulması, hərbçilərimizə yönəlmiş atəş cəhdlərinin qarşısı hər zaman və dərhal alınacaq. Ermənistan isə xarici ölkələrdə özünə himayədar axtararaq atdığı addımların nəticəsini dünyaya təhrif olunmuş formada çatdırmağa çalışır. Müasir dövrdə hər bir şeyi rahatlıqla gizlətmək mümkün deyil”.
Düşmənin təxribat xarakterli hərəkətlərinin bölgədə tam müşahidə olunduğuna diqqət çəkən F.Mustafa əlavə edib: “Ermənistan öz öhdəliyində olan məsələlərdən boyun qaçırır. Azərbaycan rəhbərliyi qarşı tərəfə öz öhdəliyini yerinə yetirməyə dəfələrlə şans verib. Bundan uzaqlaşmağa çalışan Ermənistan üçün də Azərbaycan qəti addımlar atır. Ölkəmizə qarşı olan hər hansı bir təxribatın qarşısı hər zaman alınacaq. Artıq beynəlxalq ictimaiyyət də ölkəmizin haqlı mövqeyini müdafiə edir. Bölgədə sülhün yaranması Ermənistana daha çox yarayacaq, çünki öz əhalisinin normal yaşamasını istəyirsə onlar sülhə nail olmalıdırlar. İşğalçılıq siyasətinin nəticəsini biz onlara 44 günlük Vətən müharibəsində göstərmişik”.