FƏLSƏFƏLƏR ARASINDA KÖRPÜ
AZƏRTAC xəbər verir ki, tanınmış fəlsəfə tədqiqatçısı, AMEA-nın müxbir üzvü, professor Səlahəddin Xəlilovun «Şərqdə və Qərbdə fəlsəfə, elm və mədəniyyət» adlı kitabı Stokholmun «CA&CC Press» nəşriyyatında ingilis dilində dərc olunmuşdur.
Kitabda Şərq və Qərb sivilizasiyaları arasında ümumi və fərqli cəhətlər araşdırılır. Ümumbəşəri səciyyə daşıyan elmdən fərqli olaraq mədəniyyətlərin xeyli dərəcədə müxtəlif olması onlara münasibətin optimal formasını tələb edir. Belə ki, mədəniyyətlər bir-birini inkar etməkdənsə, bir-birini qarşılıqlı surətdə zənginləşdirə bilərlər. Bunun da əsas vasitələrindən biri elmin və fəlsəfənin inteqrativ funksiyasından səmərəli istifadə olunmasıdır.
Kitabda Qərb dünyasının elmi təfəkkür üzərində qurduğu sivilizasiya ilə Şərqin poetik-obrazlı təfəkkür tərzindən qaynaqlanan mənəvi mədəniyyət sistemi müqayisə olunmuşdur. Müəllif əql, ruh, nəfs və bədən arasındakı nisbətin Şərqdə və Qərbdə müxtəlif olduğundan çıxış edərək, ümumbəşəri vəhdətə aparan yolun xeyli dərəcədə bu nisbətin optimallığından asılı olduğunu vurğulayır.
Görkəmli Amerika filosofu, Ümumdünya Fenomenologiya İnstitutunun direktoru, Şərq və Qərb fəlsəfələri və mədəniyyətləri arasında davamlı körpü atılması istiqamətində böyük işlər görmüş və bu fəaliyyətinə görə Nobel mükafatına təqdim olunmuş professor Anna-Tereza Timiniçka kitaba ön söz yazmışdır. Onun fikrinə görə, professor S.Xəlilovun əsəri Şərq fəlsəfə tədqiqatçılarının bu problemə həsr olunmuş və Qərb oxucularına təqdim edilən ilk sistemli araşdırmalardan biridir.
Kitabda işraqiliyin və sufizmin müasir Qərb fəlsəfə cərəyanları ilə müqayisəli təhlili verilmiş, bir sıra uyğun cəhətlər üzə çıxarılmışdır. Müəllif belə hesab edir ki, fikirlər və ideallar arasındakı ümumilik aşkar edilmədən, mədəni-mənəvi həyatın müxtəlif təzahürləri və meylləri ortaq məxrəcə gətirilə bilməz.
Müxtəlif fəlsəfi məktəblərin və mədəniyyətlərin qarşılıqlı əlaqəsindən bəhs edən bu kitab özü də müasir dövrdə bu mədəniyyətlərin yaxınlaşmasına və qarşılıqlı anlaşmaya xidmət edir.
######
