Fərid Qayıbov: Effektivliyi təmin etmək üçün nəticəyə əsaslanan və gələcəyə ünvanlanan addımlar atmalıyıq
Bakı, 6 noyabr, AZƏRTAC
Oktyabr ayı kifayət qədər intensiv, dolğun oldu. Həm idman, həm də gənclər sahələrində mövcud vəziyyətin təhlili və planlaşdırılması üçün ardıcıl işlər aparıldı.
AZƏRTAC xəbər verir ki, bu fikirlər gənclər və idman naziri Fərid Qayıbovun oktyabr ayı ərzindəki fəaliyyətlə bağlı qeydlərində əksini tapıb.
Nazir qeydlərində bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın Milli Gimnastika Arenasının yeni məşq binasında yaradılan şəraitlə tanışlıqları əlamətdar oldu. İdmanın altı müxtəlif növü üzrə eyni vaxtda məşqləri mümkün edən bu arena yerli və xarici gimnastların təlim və məşqləri üçün unikal imkanlar yaradır.
Növbəti Yay Olimpiya Oyunlarına qalan vaxtda geri sayımın başladığını və ciddi hazırlıq üçün az vaxt qaldığını vurğulayan F.Qayıbov ay ərzində Taekvondo, Velosiped, Voleybol federasiyalarında olduğunu, rəhbərlik və idmançılarla görüşərək çətin sualların cavablarını araşdırmaqla, zəif tərəflərin müəyyənləşdirildiyini bildirib.
Nazir gənclərlə də müxtəlif formatlarda görüşlər keçirərək, Gənclər Təşkilatları Milli Şurasının qərargahında gənclərin beynəlxalq əməkdaşlığı istiqaməti üzrə qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə layihələrin aktuallığı və əhatəliliyi ölkənin prioritetlərinə və qlobal çağırışlara nə dərəcədə cavab verdiyi, qrant vəsaitlərinin effektivliyinə dair açıq müzakirələrin aparıldığını diqqətə çatdırıb.
Ay ərzində regionlara səfərlərindən də bəhs edən nazir Astara, Cəlilabad, Masallı, Lənkəran və Biləsuvarda mövcud idman və gənclər infrastrukturuna baxış keçirildiyini xatırladıb. Qeyd olunub ki, bu qurumların idarə edilməsinə yeni baxış və yanaşma tətbiq olunmalıdır. Lənkəranda region gəncləri ilə görüş yeni nəslin sağlam düşüncəsini, yaradıcılıq enerjisini nümayiş etdirdi, qurumların əlaqəli işində boşluqları da göstərdi.
F.Qayıbov qeydlərində bildirib ki, Vətən müharibəsinin birinci ildönümünün qeyd olunduğu bu ay ərzində Gənclər və İdman Nazirliyi bir neçə yeni layihə həyata keçirib. Xüsusilə həvəskarlar arasında keçirilən “Unutma, YAŞAT!” mini-futbol turnirini qeyd edən nazir xeyriyyə məqsədilə keçirilən bu yarışda idman federasiyaları və ictimai birliklər, Gənclər və İdman Nazirliyinin strukturuna tabe təşkilatları, müxtəlif dövlət qurumları, ali təhsil müəssisələri, gənclər təşkilatları olmaqla 64 komandanın iştirak etdiyini və oyunların böyük maraqla izlənildiyini diqqətə çatdırıb.
Həmçinin vurğulanıb ki, noyabrın 9-da Dənizkənarı bulvarda Zəfər Gününə həsr edilmiş “Qürurla irəli!” şüarı ilə kütləvi qaçış və bayram tədbirləri təşkil ediləcək. Bu tədbir tarixi Qələbə qazanmış xalqımızın birliyini, zəfərlər əldə etmək əzmini bir daha nümayiş etdirəcək.
Nazir ay ərzində bir sıra ölkələrin səfirləri, BMT-nin Uşaq Fondunun (UNICEF), GUAM-ın, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun rəhbərləri, eləcə də Bakı Ali Neft məktəbinin tələbələri, Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Səfirlər, Azərbaycan Gənclər Fondunun rəhbərliyi ilə də görüşlər keçirdiyini vurğulayıb. Həmçinin Bakı Gənclər Mərkəzində və Sabunçu Gənclər Evində təqdim edilən xidmətlər, gənclərin fərdi inkişafı və asudə vaxtının təşkili üçün yaradılmış şərait və layihələrlə tanış olduğunu vurğulayan F.Qayıbov Gənclər evlərində gənclərin maraqlarına uyğun fəaliyyət sayının və əhatə dairəsinin genişləndirilməsi istiqamətində işlərin aparılmasının vacibliyini qeyd edib.
“Görüləcək işlər çoxdur. Effektivliyi təmin etmək üçün nəticəyə əsaslanan, bütün qüvvələrdən səmərəli istifadə edən, gələcəyə ünvanlanan addımlar atmalıyıq”, - deyə nazir qeydlərində xüsusi vurğulayıb.