FHN Bakı Metropoliteninin “Avtovağzal” stansiyasında yanğın-taktiki təlim keçirib
Bakı, 26 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti yanvarın 26-da Bakı Metropoliteninin “Avtovağzal” stansiyasında “Metropoliten stansiyalarında yanğınların söndürülməsi” mövzusunda yanğın-taktiki təlim keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, təlimin təşkilində məqsəd metropoliten stansiyalarında yanğın zamanı obyekt rəhbərliyinin fəaliyyətini, yanğın zamanı birinci və sonrakı yanğınsöndürmə rəhbəri tərəfindən yanğın yerində kəşfiyyatın aparılmasını, yanğında vəziyyətin qiymətləndirilməsini, xilasetmə işlərinin həyata keçirilməsini, yüksək saylı çağırışla vəzifəli şəxslərin yanğın yerinə gələnə qədər texnikanın qarşılanmasını, yerləşdirilməsini və onların idarə olunmasını məşq etməkdən, əməkdaşlara yanğın təhlükəsizliyi qaydalarını aşılamaqdan ibarət olub.
Yanğın-taktiki təlim təsdiq olunmuş plan üzrə həyata keçirilib, şərti yanğın müvəffəqiyyətlə söndürülüb, metropoliten əməkdaşlarına odsöndürən balonlardan istifadə qaydası əyani nümayiş etdirilib.
Tədbirdən sonra nəticələr təhlil edilib, yanğın-taktiki təlimlərin səmərəsinin artırılması üçün şəxsi heyət qarşısında konkret vəzifələr qoyulub.