FHN-in Akademiyasında Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib
Bakı, 5 noyabr, Nicat Məmmədov, AZƏRTAC
Noyabrın 5-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə fövqəladə hallar nazirinin müavinləri - tibb xidməti general-leytenantı Faiq Tağızadə, general-leytenant Etibar Mirzəyev, nazirliyin məsul şəxsləri, Akademiyanın müəllim və professor heyəti, Vətən müharibəsində döyüşmüş FHN əməkdaşları, ölkədə fəaliyyət göstərən ali təhsil ocaqlarının rəhbərliyi, FHN Akademiyasının kursantları və onların valideynləri iştirak ediblər.
Mərasim iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Akademiyanın həyətində ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad ediblər.
Zəfər Gününə həsr olunmuş hərbi andiçmə və təntənəli buraxılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub.
Mərasim iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra FHN Akademiyasına yeni qəbul olmuş kursantlar hərbi and içiblər.
Mərasimdə çıxış edən nazir müavini Etibar Mirzəyev fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun adından tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib.
Zəfər Gününün tarixi əhəmiyyətindən danışan E.Mirzəyev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi altında rəşadətli Ordumuz cəmi 44 gün ərzində tarixdə misli görünməmiş qəhrəmanlıq göstərərək 30 ilə yaxın müddətdə düşmən tapdağı altında olan torpaqlarımızı işğaldan azad etdi. Vətən yolunda canlarını fəda etmiş şəhidlərimizin yenilməz iradəsi və qəhrəmanlıqları sayəsində ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Böyük Zəfərlə başa çatan Vətən müharibəsində FHN-in şəxsi heyəti də üzərinə düşən vəzifələri şərəflə yerinə yetirib, xüsusilə düşmənin mülki obyektlərə endirdiyi zərbələr nəticəsində baş vermiş yanğınların söndürülməsi, dağıntılar altından insanların xilas edilməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülüb. Həmçinin FHN-in bir qrup əməkdaşının müharibədə ordu sıralarında döyüşdüyünü xatırladan nazir müavini təəssüflə qeyd edib ki, müharibə günlərində - oktyabrın 28-də Ermənistan tərəfindən döyüş bölgəsindən kənarda yerləşən Bərdənin raket atəşinə tutulması nəticəsində nazirliyin Mülki müdafiə qoşunlarının 1 hərbi qulluqçusu xidməti vəzifələrini yerinə yetirərkən şəhid olub.
FHN Akademiyasının rəisi general-mayor Baba Salayev mərasim iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib. B.Salayev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən, qəhrəman əsgər və zabitlərimizin Vətən qarşısında unudulmaz xidmətlərindən, fədakarlıqlarından danışıb. Akademiyanın fəaliyyəti barədə məlumat verən B.Salayev kursantları təbrik edib, onlara uğurlar arzulayıb.
Vətən müharibəsi qaziləri - Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan kapitanı Toğrul Məmmədov, FHN-in Statistika və informasiya texnologiyaları idarəsinin rəis müavini Fəxri Ağayev, eləcə də kursant valideyni Xəyyam Hüseynzadə çıxış edərək mərasim iştirakçılarını Zəfər Günü münasibətilə təbrik ediblər.
Tədbir Fövqəladə Hallar Nazirliyinin müvafiq əmri ilə “leytenant” hərbi və xüsusi rütbələri verilmiş məzunlara diplomların təqdim olunması ilə davam edib. Akademiyanı əla qiymətlərlə bitirmiş məzun leytenant Sadıqov məzunların buraxılış rəmzi olan xatirə lövhəsini “Yaş kötüyü”nə vuraraq məzun yoldaşları adından and içib. Məzunlar Akademiyanın bayrağı ilə vidalaşaraq onu IV kurs kursantlarına təhvil veriblər.
Mərasim Fövqəladə Hallar Nazirliyinin Akademiyasının bayrağı altında şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.
Rəsmi hissədən sonra tədbir iştirakçıları FHN-in İdman-sağlamlıq klubunun idmançılarının nümunəvi çıxışlarını izləyiblər.