FHN-in Aran Regional Mərkəzi mülki müdafiə məşqləri keçirib
Bakı, 20 noyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Mərkəzi tərəfindən “AzərEnerji” ASC ilə birlikdə “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-də və Ağdaş rayonunda yerləşən Ağdaş Yem Emalı Fabrikində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarəolunmasının təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqləri keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirlərin keçirilməsində məqsəd müəssisələrin əməkdaşlarının mülki müdafiə sahəsində bilik və bacarıqlarının təkmilləşdirilməsi və onlara əməli vərdişlərin aşılanması olub.
Məşqlər zamanı müəssisələrin müvafiq heyətinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.
Sonda əldə edilən nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.