FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti Sabunçu rayonunda yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb
Bakı, 24 iyun, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidməti Bakı şəhərinin Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 6 ünvanındakı Hüseynov Adil Əliş oğluna məxsus mebel istehsalı sexində yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcudluğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyənləşdirilib.
Obyekt avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu və ilkin yanğınsöndürən vasitələrlə təchiz edilməyib, obyektdə mövcud odsöndürən balonların tərkibi dəyişdirilərək yenisi ilə əvəzlənməyib, elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb və elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib. Eyni zamanda, obyektdə istifadə olunan elektrik avadanlıqları artıq yüklənmədən və qısaqapanmadan mühafizə məqsədilə qoruyucu aparatlarla təmin edilməyib, izolyasiyası zədələnmiş və nasaz elektrik avadanlıqlarından istifadə olunur.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Bunları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkarlanmış Bakı şəhərinin Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 6 ünvanında yerləşən Hüseynov Adil Əliş oğluna məxsus mebel istehsalı sexinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub. Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.