FHN-in nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər
Bakı, 8 sentyabr, AZƏRTAC
Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin təşəbbüsü ilə Rusiyanın Kazan şəhərində “Kompleks təhlükəsizlik - 2026” XVI Beynəlxalq Sərgi keçirilib.
Bu barədə AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbirdə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Asif Məmmədli və Maddi-Texniki Təchizat İdarəsinin rəis müavini Turan Əliyev iştirak ediblər.
Sərgidə nümayiş edilən fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsi üzrə ən müasir texnika və avadanlıqlarla yaxından tanış olan nazirliyin nümayəndələri tədbir çərçivəsində bir sıra ölkələrin fövqəladə hallar üzrə qurumlarının müvafiq vəzifəli şəxsləri ilə görüşlər keçirib, fəaliyyət istiqamətlərinə uyğun fikir mübadiləsi aparıblar.