Tbilisidə “Kəlağayı milli sərvətimizdir” adlı kitab təqdim edilib
Tbilisi, 7 sentyabr, AZƏRTAC
Sentyabrın 7-də Gürcüstanın Tbilisi şəhərində “Alyans” Gənclər Mərkəzində “Kəlağayı milli sərvətimizdir” adlı kitabın təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbir “Alyans” Gənclər Mərkəzinin dəstəyi, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin və Kəlağayı Ev-Muzeyinin birgə təşəbbüsü ilə təşkil edilib.
Tədbirin iştirakçıları əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin və Kəlağayı Ev-Muzeyinin sədri Güllü Eldar Tomarlı çıxışında vurğulayıb ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən tədbirlər nəticəsində
2014-cü ilin noyabr ayında Azərbaycan kəlağayısı UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edilib.
“Azərbaycanın zəngin mədəni irsində elə simvollar var ki, onlar əsrlər keçsə də, dərin mənasını, mənəvi çəkisini və estetik dəyərini itirmir. Bu nadir dəyərlərdən biri təbii ipəkdən toxunan, zərif naxışlarla bəzədilən və əsrlər boyu Şərq qadınının ləyaqət tərənnümünə çevrilən kəlağayıdır”, - deyə o diqqətə çatdırıb.
Bildirilib ki, Azərbaycan, rus və gürcü dillərində çap olunan “Kəlağayı milli sərvətimizdir” kitabında kəlağayı Azərbaycan qadını üçün sadəcə baş örtüyü və ya geyim elementi deyil, o, qadın kimliyinin, mənəvi dünyasının, cəmiyyətdəki nüfuzunun və estetik zövqünün aynası kimi təqdim olunub. Kitabda, eyni zamanda, milli kəlağayı sənətinin tarixi zənginliyindən, onun Azərbaycan qadınının ismət, nəzakət və zəriflik rəmzi olmasından geniş bəhs olunub.
Tədbirin sonunda Azərbaycanın milli rəqsləri ifa olunub, uşaqlar kəlağayıya həsr edilmiş şerlər söyləyiblər.