İsmail Serageldin: Xəzərdə dayanıqlılığın artırılması üçün suyun istifadəsinə kompleks yanaşma lazımdır
Bakı, 8 sentyabr, AZƏRTAC
Xəzər dənizində su səviyyəsinin dəyişməsi fonunda dayanıqlılığın artırılması üçün su ehtiyatlarının haradan və necə götürüldüyü, xüsusilə kənd təsərrüfatında sudan səmərəli istifadə məsələləri diqqətdə saxlanılmalıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının həmsədri, Dünya Bankının sabiq vitse-prezidenti İsmail Serageldin “Bakı İqlim Fəaliyyəti Həftəsi” (BCAW 2026) çərçivəsində Xəzər dənizində iqlim dəyişikliklərinin yaratdığı çağırışlara həsr olunmuş panel sessiyada çıxışı zamanı deyib.
İsmail Serageldin qeyd edib ki, hazırda Xəzərin gələcək dəyişikliklərinə uyğun dayanıqlılıq proqramının hazırlanması üçün imkan mövcuddur. Belə bir proqram ilk növbədə su ehtiyatlarından istifadənin mövcud vəziyyətinin və gələcək ehtiyacların qiymətləndirilməsini əhatə etməlidir.
İ.Serageldin Azərbaycanda su ehtiyatlarının əhəmiyyətli hissəsinin kənd təsərrüfatında istifadə edildiyini diqqətə çatdıraraq, suyun səmərəli istifadəsinin həm ərzaq təhlükəsizliyi, həm də sudan asılı icmaların gələcəyi ilə birbaşa bağlı olduğunu bildirib.
“Su ehtiyatlarından necə istifadə etdiyimiz, kənd təsərrüfatında suyun səmərəliliyi, təhlükəsizlik və bundan asılı olan icmaların vəziyyəti bir-biri ilə əlaqəlidir”, – deyə o vurğulayıb.
İsmail Serageldin qeyd edib ki, Xəzər hövzəsində su məsələsinə yalnız suyun kəmiyyət baxımından mövcudluğu prizmasından yanaşmaq düzgün deyil. Suyun keyfiyyəti də eyni dərəcədə mühüm əhəmiyyət daşıyır.
“Digər problemlərlə birlikdə nəzərdən keçirildikdə, köhnə problem olan çirklənmə məsələsi daha da əhəmiyyətli olur. Söhbət suyun mövcudluğundan gedirsə, su yalnız kəmiyyət deyil, həm də keyfiyyət məsələsidir”, – deyə İ.Serageldin qeyd edib.
O bildirib ki, Xəzər dənizində baş verən dəyişikliklərin yaratdığı risklərin qiymətləndirilməsi üçün konkret ərazilər və tədbirlər üzrə ayrıca yanaşmalar müəyyənləşdirilməli, həyata keçirilən fəaliyyətin nəticələri ölçülməlidir.
İ.Serageldin vurğulayıb ki, Xəzərdə yaranan çağırışların miqyası kifayət qədər böyükdür və beş sahilyanı ölkənin birgə fəaliyyətinə əsaslanan dayanıqlılıq proqramının hazırlanması bu prosesə daha sistemli yanaşmağa imkan verə bilər.