Elbay Qasımzadə: Tarixi abidələrə münasibət cəmiyyətin öz keçmişinə münasibətini göstərir
Bakı, 7 sentyabr, AZƏRTAC
Tarixi abidələr yalnız keçmişin izlərini deyil, həm də yaradıldıqları dövrün sübutlarını qoruyub saxlayır. Onların dəyəri təkcə yaşı, memarlıq xüsusiyyətləri və ya bədii əhəmiyyəti ilə deyil, daşıdıqları tarixi məlumatla da müəyyən olunur. Buna görə də tarixi məkanlara münasibət daha çox cəmiyyətin öz tarix və mədəni irsinə münasibətini əks etdirir.
Şuşada tarixi əhəmiyyət daşıyan qayaların üzərinə yazılmış yazıların yayılan görüntüləri tarixi irsin qorunması məsələsinə yenidən diqqət çəkib.
Bu barədə AZƏRTAC-ın müxbiri ilə söhbətində Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Əməkdar memar Elbay Qasımzadə deyib. O qeyd edib ki, tarixi abidələrə zərər vurulması halları yeni hadisə deyil. Onun sözlərinə görə, müxtəlif dövrlərdə tarixi obyektlərin üzərinə müxtəlif yazıların yazılması halları ilə rastlaşmaq mümkün olub.
“Bu, həmişə olub, sovet dövründə də belə hallar baş verib. Abidələrin üzərinə müxtəlif yazılar yazırdılar. Lakin bu cür hərəkətlərin qarşısı alınmalı və onlar cəzalandırılmalıdır”, - deyə o bildirib.
Memarın sözlərinə görə, hazırda söhbət, ilk növbədə, peşəkar standartlardan deyil, insanın tarixi irsə münasibətinə görə məsuliyyətindən gedir. E.Qasımzadə qeyd edib ki, mövcud hüquq normaları praktikada tətbiq olunmalıdır.
Şuşanın tarixi əhəmiyyəti yalnız ayrı-ayrı abidələrlə deyil, şəhərin memarlıq-planlaşdırma quruluşu ilə də bağlıdır. Şuşa mürəkkəb dağlıq relyef üzərində formalaşıb və onun memarlığı təbii landşaftla qarşılıqlı əlaqədə inkişaf edib. Şəhər haqqında materiallarda məhz ətraf mühitlə memarlığın vəhdəti qeyd olunur. Bu quruluşun mühüm hissələrindən biri şəhərin məhəllələr üzrə təşkili idi. Tarixən Şuşada 17 məhəllə olub və onların hər birinin məscidi, hamamı və bulağı var idi. Beləliklə, şəhər mühiti ayrı-ayrı binaların, ictimai məkanların və təbii relyefin bir-birini tamamladığı qarşılıqlı əlaqəli sistem kimi formalaşıb.
Bu kontekstdə tarixi səthlərin üzərinə yazıların yazılması yalnız daşın hansısa konkret hissəsinə aid məsələ deyil. Belə müdaxilə ümumi memarlıq və mədəni mühitin bir hissəsi olan tarixi məkanın ilkin görkəmini dəyişir.
E.Qasımzadə hesab edir ki, belə faktlar aşkar edildikdə müvafiq dövlət orqanları müəyyən olunmuş qaydada reaksiya verməlidir. Onun sözlərinə görə, şəxsin hərəkətlərində cinayət əlamətləri varsa, məsələ səlahiyyətli orqanlar tərəfindən araşdırılmalı, təqsirkarlar isə qanunla nəzərdə tutulmuş məsuliyyət daşımalıdır.
“Qanun hamı üçün eyni olmalıdır”, - deyə Əməkdar memar bildirib. O vurğulayıb ki, qanunvericiliyin tətbiqi zamanı hüquq pozuntusunu kimin törətməsi və kiminlə əlaqəsi olması əhəmiyyət daşımamalıdır.
Memarın fikrincə, müəyyən edilmiş normaların məhz ardıcıl tətbiqi belə halların təkrarlanmasının qarşısını ala bilər.
“İnsan bilsə ki, belə hərəkətə görə ciddi məsuliyyət daşıyacaq, bundan nəticə çıxarar. Təkcə bunun yaxşı olmadığını, tarixi abidə olduğunu, bizim sərvətimiz olduğunu demək kifayət deyil”, - deyə o qeyd edib.
E.Qasımzadə, həmçinin gənc nəslin tarixə və mədəni irsə hörmətlə yanaşmasının formalaşdırılmasının zəruriliyinə diqqət çəkib. Onun sözlərinə görə, bu proses ailədə başlayır və məktəbdə, ali təhsil müəssisələrində davam edir.
“Uşaqlara öz xalqına, tarixinə və dövlətinə hörmət hissi ailədə, məktəbdə və ali təhsil müəssisələrində aşılanmalıdır”, - deyə o bildirib.
Bir sözlə, tarixi irsin qorunması yalnız ayrı-ayrı abidələrin fiziki zədələnmədən mühafizəsini deyil, həm də onların mövcud olduğu tarixi görkəmin və mühitin saxlanılmasını nəzərdə tutur. Memarlıq, relyef və tarixi planlaşdırmanın vahid sistem təşkil etdiyi Şuşa kimi şəhərlərdə bu mühitin hər bir elementinin qorunması şəhərin bütöv tarixi-mədəni məkan kimi qəbul edilməsi üçün əhəmiyyətlidir.
Müxbir – Lalə Minasazova