VIII sinif şagirdi: Gələcəkdə stomatoloji klinika açıb insanlara təmənnasız xidmət göstərmək istəyirəm
Bakı, 7 sentyabr, AZƏRTAC
Əl işləri hazırlayan, rəsm çəkən və müxtəlif müsabiqələrdə uğurlar qazanan Rəna Zeynallı gələcəkdə stomatoloq olmaq və ehtiyacı olan insanlara təmənnasız xidmət göstərmək istəyir.
161 nömrəli məktəbin VIII sinif şagirdi Rəna Zeynallı AZƏRTAC-a müsahibəsində yaradıcılıq fəaliyyətində müəllimlərinin də xüsusi rolu olduğunu qeyd edib.
O, Şuşa qalasının əl işi maketini hazırladığını, rəsmlər çəkdiyini də bildirib. Hazırladığı portretlərdən birinin ona sertifikat qazandırdığını deyən Rəna, kimya müəllimi üçün hazırladığı əl işinə görə də sertifikatla təltif olunub.
Həmsöhbətimiz özünü daim inkişaf etdirməyə çalışdığını söyləyib. O, dəyişmək istədiyi xüsusiyyətlərindən birinin dərs oxuyarkən yuxusunun gəlməsi olduğunu bildirib. Rəna Zeynallı dostlarının ona həm dərsləri, həm də şəxsi məsələləri ilə bağlı müraciət etdiyini deyib. O, imkan daxilində yaşıdlarına kömək etməyə çalışdığını qeyd edib. Rənanın fikrincə, yaxşı şagird olmaq yalnız yüksək qiymətlərlə ölçülmür: “Onun davranışı, məsuliyyəti, öyrənmə bacarığı ilə yaxşı şagird olduğunu bilmək olar”.
Müsahibimizin ən böyük arzusu isə həkim olmaqdır. Uşaqlıqdan bu peşəyə maraq göstərən şagird xüsusilə stomatologiya sahəsində çalışmaq istəyir. Gələcəkdə stomatoloji klinika açmaq istəyən Rəna burada ehtiyacı olan insanlara təmənnasız xidmət göstərməyi arzulayır. Onun sözlərinə görə, bəzi insanların diş müalicəsinə ehtiyacı olsa da, maddi imkanları buna imkan vermir. Bu səbəbdən gələcəkdə öz klinikasında belə insanlara dəstək olmaq istəyir.
Rəna müasir texnologiyaların və süni intellektin təhsildə roluna da münasibət bildirib. Onun fikrincə, texnologiyadan düzgün istifadə edən insanlar yeni məlumatlar əldə edə və biliklərini artıra bilərlər. Bununla yanaşı, süni intellektdən hazır cavabları köçürməyin şagirdlərdə tənbəllik yarada biləcəyini düşünür. Şagird dərsləri ilə bağlı əlavə məlumat əldə etmək üçün “Google”, “ChatGPT” və “Gemini” kimi rəqəmsal vasitələrdən istifadə etdiyini, “YouTube”da isə əsasən dərs və izah videolarına baxdığını bildirib. Xüsusilə Azərbaycan dili üzrə internet resurslarından yararlandığını qeyd edib.