Sadiq Qurbanov: Xəzərdə mütəmadi monitorinqlər aparılmalıdır
Bakı, 8 sentyabr, AZƏRTAC
İqlim dəyişmələri artıq dünyanın müxtəlif su hövzələrində ciddi dəyişikliklər yaradıb. Temperaturun yüksəlməsi, yağıntı rejiminin dəyişməsi, çay axınlarının zəifləməsi və buxarlanmanın artması su ehtiyatlarının vəziyyətinə dair artıq yeni proqnozların meydana gəlməsinə səbəb olub. Bu baxımdan Xəzər dənizi də bizim üçün xüsusi əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”nın (BCAW2026) ikinci günündə keçirilən "Daxili su hövzələrində iqlim dəyişmələrinin yaratdığı çağırışlar: Xəzər dənizi nümunəsi" mövzusunda panel sessiyada çıxışı zamanı deyib.
O qeyd edib ki, Xəzərin səviyyəsinin enməsi sahil xəttinin dəyişməsinə və limanların və nəqliyyat infrastrukturlarının yenidən dəyərləndirilməsinə şərait yaradır. Xəzərdə su səviyyəsinin, temperaturun, duzluluğun, kimyəvi tərkibin biomüxtəlifliyin və sahil xətlərinin dəyişdirilməsi ilə bağlı davamlı olaraq monitorinqi aparılmalı və bu hər bir monitorinqin sonunda onun elmi əsasları işlənməlidir.
"Azərbaycan da iqlim dəyişmələrinin təsirini əks etdirən bir çox statistik göstəricilərə malikdir. 2007-2025-ci illərdə Azərbaycanda orta istilik normaya nisbətən 1.3 dəfə, 2025-ci ildə isə 1.8 dərəcə artıb. Bu da Xəzərin səviyyəsinin gələcək dəyişməsi ilə proqnozların verilməsini artıq elmi əsasların yaranmasına ciddi bir siqnaldır. Hazırda Xəzərin səviyyəsi ümumi dəniz səviyyəsindən 29 metr aşağıdır. Əgər suyun səviyyəsinin azalması davam edərsə və səviyyə mənfi 30 metr olarsa, bu, Azərbaycan akvatoriyasında sahildən yeni torpaqların əmələ gəlməsinə gətirib çıxaracaq. Bu da Nabran-Şabran zonasında 4.5, Səngəçal-Ələt zonasında 10-12, Lənkəran-Astara zonasında isə 2-3 kilometr təşkil edə bilər. Həmin rəqəmlər sadəcə coğrafi göstəricilər kimi qəbul edilməməlidir. Onların arxasında limanların gələcəyi, nəqliyyat marşrutları, sahilyanı yaşayış məntəqələri, ekosistemlərin və iqtisadi fəaliyyətini düşünməliyik. Təbii ki, Azərbaycan bu çağırışların qarşısında öz siyasətini formalaşdırır", - deyə komitə sədri bildirib.