FHN-in Qarabağ Regional Mərkəzində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır
Ağdam, 18 yanvar (AZƏRTAC). Yanvarın 18-də Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzində 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anma tədbiri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edənlər Azərbaycan tarixinin azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin parlaq səhifələrindən olan 20 Yanvar faciəsinin səbəblərindən və mahiyyətindən danışmışlar.
Bildirilmişdir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktı nəticəsində XX əsrdə bəşər tarixində ən ağır cinayətlərdən biri baş vermişdir. Ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən, keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənərək meydanlara çıxaraq etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusu tərəfindən misli görünməmiş faciə törədilmişdir. Qanlı hadisələrdə Bakıda 147 nəfər öldürülmüş, yüzlərlə insan yaralanmış və qanunsuz həbs edilmişdir.
Çıxışlarda 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsində, faciənin günahkarlarının üzə çıxarılmasında, şəhidlərin adının əbədiləşdirilməsində ümummilli liderimiz Heydər Əliyevin əvəzsiz tarixi xidmətləri yüksək qiymətləndirilmişdir. Bildirilmişdir ki, faciədən bir gün sonra özünün və ailəsinin həyatı üçün təhlükələrə baxmayaraq, ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, doğma xalqının dərdinə şərik çıxmış, hadisəyə siyasi-hüquqi qiymət verilməsini tələb etmişdir. Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bu qanlı aksiya öz siyasi-hüquqi qiymətini almış, hadisənin əsl mahiyyəti dünyaya çatdırılmış, Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə kompleksi ucaldılmışdır.
Anma tədbiri Azərbaycanın dövlət himninin səslənməsi ilə başa çatmışdır.